...

Azərbaycanda cəzaçəkmə müəssisəsində ilk dəfə olaraq sutəmizləyici filtrasiya qurğuları quraşdırılıb

Cəmiyyət Materials 26 Mart 2012 11:54 (UTC +04:00)
Salyandakı cəzaçəkmə müəssisəsində sutəmizləyici filtrasiya qurğuları quraşdırılaraq istifadəyə verilib.
Azərbaycanda cəzaçəkmə müəssisəsində ilk dəfə olaraq sutəmizləyici filtrasiya qurğuları quraşdırılıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Salyandakı cəzaçəkmə müəssisəsində sutəmizləyici filtrasiya qurğuları quraşdırılaraq istifadəyə verilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, penitensiar sistemdə ilk dəfə olaraq 5 saylı cəzaçəkmə müəssisəsində sutəmizləyici filtrasiya qurğuları quraşdırılıb.

Penitensiar Xidmət rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə həmin cəzaçəkmə müəssisəsində müvafiq hazırlıq işləri aparılıb.

Xidmətdən bildirilib ki, cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində yerləşən ehtiyat su anbarından müəssisənin yaşayış sahəsinə 300 metrlik plastik su boru xətləri çəkilib.

Hidrofor su nasosları vasitəsilə həmin borularla verilən su filtrasiyadan keçirildikdən sonra istifadə üçün bütün məişət obyektlərinə verilir. Təmizləndirilmiş sudan məhkumlar üçün qidanın hazırlanması üçün istifadə olunur ki, bu da həmin qidanın keyfiyyətinin daha da artırılmasına imkan yaradır.

Xidmətdən bildirilib ki, təmizlənmiş su cəzaçəkmə müəssisəsində sanitariya normalarına riayət etməyə kömək göstərəcək və ehtimal olunan hər hansı bir infeksion xəstəliyin yaranmasının qarşısını alacaq.

Məhkumların içməli suya olan ehtiyaclarının tam ödənilməsi üçün hazırda cəzaçəkmə müəssisəsinin ərazisində bulaq komplekslərinin inşası həyata keçirilir.

Analoji sutəmizləyici filtrasiya qurğuları cəzaçəkmə müəssisəsinin mühafizəsini həyata keçirən bölüyündə də quraşdırılaraq şəxsi heyətin istifadəsinə verilib.

Sutəmizləyici filtrasiya qurğularının digər cəzaçəkmə müəssisələrində də quraşdırılması üçün tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti