...

Ombudsman döyülən jurnalistlə görüşüb

Cəmiyyət Materials 23 Aprel 2012 15:44 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova Kliniki Tibbi Mərkəzdə yerləşdirilmiş "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı İdrak Abbasovla görüşüb.
Ombudsman döyülən jurnalistlə görüşüb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Elmira Süleymanova Kliniki Tibbi Mərkəzdə yerləşdirilmiş "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı İdrak Abbasovla görüşüb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, jurnalist hazırda həmin mərkəzin neyro-cərrahiyyə şöbəsində müalicə olunur. Mərkəzin baş həkiminin cərrahiyyə işləri üzrə müavini ombudsmana xəstəyə zəruri tibbi yardım göstərildiyini, müalicənin davam etdirildiyini və səhhətinin yaxşılaşdığını bildirib.

Müvəkkil söhbət zamanı Abbasova bu xoşagəlməz hadisənin xarici ölkədə beynəlxalq konfransda iştirak etdiyi zaman baş verdiyini, bununla bağlı təəssüf hissi keçirdiyini, qayıtdıqdan sonra onun vəziyyətini və səhhətini diqqətdə saxladığını, ilkin araşdırmalar apardığını bildirib, səhhətinin hazırkı durumu ilə maraqlanıb.

Jurnalist həmin hadisə barədə məlumat verib, əynində jurnalist gödəkcəsi olmasına baxmayaraq, çəkiliş apardığı zaman ARDNŞ əməkdaşları tərəfindən döyüldüyünü, təhqir edildiyini, polis əməkdaşlarının isə hadisə zamanı heç bir zorakılığa yol vermədiyini, əksinə, bu insidentin qarşısını almağa çalışdıqlarını söyləyib.

Bu hadisənin onun qardaşlarının, həmçinin "Yeni Müsavat" qəzetinin ərazidə olan əməkdaşı Günay Musayevanın gözü qarşısında baş verdiyini bildirib.

Sonra Abbasov, ona məlum olduğu kimi, Musayevaya qarşı mülki geyimli şəxs tərəfindən kobud rəftara vol verildiyini söyləyib. Jurnalist, eyni zamanda, onun mobil telefonuna gizli nömrədən hədələyici zənglər gəldiyini nəzərə alaraq, ailəsinin təhlükəsizliyinin təmin olunmasını və müvafiq tədbirlər görülməsini istəyib.

Abbasov xəstəxanadakı şəraitdən və həkimlərin ona münasibətindən, göstərilən tibbi xidmətdən razılığını bildirib, ona baş çəkdiyinə, vəziyyəti, müalicəsi, sağlıq durumu ilə maraqlandığına görə ombudsmana təşəkkür edib.

Süleymanova Kliniki Tibbi Mərkəzin baş həkimi T.Bəbirova müraciət edərək Abbasovun səhhətini və müalicəsini xüsusi nəzarətdə saxlamağı tapşırıb.

Müvəkkil bildirib ki, Sulutəpədə baş vermis hadisə diqqət mərkəzindədır və hazırda araşdırmalar davam etdirilir.

Ombudsmanın əlavə araşdırması zamanı müəyyən edilib ki, həmin hadisənin, o cümlədən şirkətin təhlükəsizlik xidmətinin və polis əməkdaşlarından bir neçəsinin xəsarət alması ilə nəticələnmiş zorakılıq hallarının təfərrüatı ilə araşdırılması məqsədilə ARDNŞ prezidenti Rövnəq Abdullayev tərəfindən işçi qrupu yaradılıb.

Habelə, Binəqədi rayon Polis İdarəsinin rəisi A.Məhərrəmovun verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) üzrə cinayət işi açılıb.

Müvəkkil istintaq prosesinin tam, hərtərəfli və obyektiv aparılması, zorakılığa yol vermiş və buna təhrik etmiş şəxslərin aşkarlanması, törədilmiş əmələ görə qanunauyğun olaraq cəzalandırılması və nəticəsi barədə məlumat verilməsi ilə bağlı daxili işlər naziri və baş prokurora müraciət edib.

Abbasov aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki 4-cü mədən ərazisində qanunsuz tikililərin sökülməsi zamanı zorakılığa məruz qalıb.

Xəbər lenti

Xəbər lenti