...

Təhsil naziri Azərbaycanda rus liseylərinin yaradılmasını təklif edib

Cəmiyyət Materials 1 İyun 2012 15:01 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkədə rus liseylərinin yaradılmasını təklif edib.
Təhsil naziri Azərbaycanda rus liseylərinin yaradılmasını təklif edib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkədə rus liseylərinin yaradılmasını təklif edib.

Trend-in cümə günü Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mərdanov bu təkliflə MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə çıxış edib.

Onun sözlərinə görə, son zamanlar ölkəmizin orta ümumi təhsil məktəblərində rus dilinə maraq artıb, ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq, hazırda rus dilinin öyrənilməsinə diqqət güclənib. Ali məktəblərdə rus dili ilə bağlı problemin olmadığını, eləcə də Bakı şəhərindəki məktəblərdə rus dilinin tədrisinin yüksək səviyyədə aparıldığını diqqətə çatdıran Mərdanov rayonlarda fəaliyyət göstərən rusdilli məktəblərdə tədris səviyyəsinin yüksəldilməsi üçün müvafiq işlər görməyin zəruriliyini vurğulayıb. Təhsil naziri gələn tədris ili üçün rus dilinin tədrisi proqramının hazırlanmasını da təklif edib.

MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçev Azərbaycanda rus dilinin tədrisi vəziyyətindən razı olduğunu deyib. O, hər hansı bir ölkədə rus dilinin inkişafı üçün praktiki iş və peşəkar mütəxəssislərin tələb olunduğunu qeyd edib.

Kosaçev Azərbaycanda rus dilinin tədrisi üçün əlverişli şəraitin yaradılması istiqamətində görülən işləri yüksək dəyərləndirib. Misir Mərdanovun müvafiq təkliflərini qəbul etdiyini söyləyən qonaq yaxın vaxtlarda qeyd olunan məsələlərlə əlaqədar işə başlanacağını nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti