...

"Vergilər uşaqların gözü ilə" rəsm müsabiqəsinin 10 ilik yubileyi geniş qeyd olunub (FOTO)

Cəmiyyət Materials 1 İyun 2012 15:32 (UTC +04:00)
Bakının Yasamal rayonundakı Hüseyn Cavid adına parkda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm qalereyasının təşkilatçılığı ilə "Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib.
"Vergilər uşaqların gözü ilə" rəsm müsabiqəsinin 10 ilik yubileyi geniş qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Bakının Yasamal rayonundakı Hüseyn Cavid adına parkda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm qalereyasının təşkilatçılığı ilə "Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, ötən illərdən fərqli olaraq tədbir rəsm işlərinin sərgisi ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə uşaqlar üçün böyük bayram şənliyinin təşkil olunması ilə yadda qalıb.

"Vergi uşaqların gözü ilə" rəsm müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və tədris prosesi zamanı vergilər barədə müəllimlərdən və valideynlərindən aldıqları bilikləri kağız üzərinə köçürürlər. Ötən 10 il ərzində sərgidə ümumilikdə 2500-ə yaxın rəsm əsəri nümayiş etdirilib, illər ötdükcə sərgiyə təqdim olunan rəsmlər də xeyli təkmilləşib, mövzu çalarları zənginləşib. Builki müsabiqə 2012-ci ilin aprel ayından start götürüb, 250-dən çox rəsm nümunəsi Azərbaycan Rəssamlar İttifaqının baş katibi, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağa Əli İbrahimovun rəhbərlik etdiyi 6 nəfərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.

Yubiley tədbirini T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açıb, rəsm müsabiqəsinin əhəmiyyəti, uşaqların yaradıcılığına onun oynadığı rol barədə danışıb.

Vergilər Nazirliyi Aparatının rəhbəri Asif Cahangirov tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, belə rəsm müsabiqələri uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə, vergilərin ictimai həyatda oynadığı rol haqqında onlarda müəyyən təsəvvürlərin formalaşmasına imkan yaradır. Təqdim olunan əsərlər gənc nəsildə vergi mədəniyyətinin və vergi biliklərinin formalaşmasına imkan yaradır.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət İdarəsinin rəisi Elçin Məmmədov çıxış edərək bildirib ki, uşaq və gənclər arasında vergi biliklərinin artırılması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini nəzərə alan Vergilər Nazirliyi 2003-cü ildən başlayaraq hər il "Uşaq dünyası" qalereyasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə rəsm və inşa müsabiqəsi keçirir. Gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində gördüyü işlərin mühüm hissəsidir.

Məmmədov müsabiqənin keçirildiyi 10 illik tarixə qısa nəzər salıb, bu müddət ərzində müsabiqə iştirakçıları sırasında peşəkar rəssamların da yetişdiyini vurğulayıb. Qeyd olunub ki, tədbirin əsas məqsədi gələcəyin vergi ödəyiciləri olan gənclərə vergi haqqında bilik və anlayışların uşaqların başa düşə biləcəyi formada çatdırılmasından ibarətdir. Hər il bu müsabiqələrdə iştirak etmiş rəsm əsərləri nəfis albom şəklində nəşr edilir və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir və bu ilki müsabiqədə də iştirak edən 200-dən artıq rəsm əsərinin də ən yaxşılarından bu məqsədlə istifadə ediləcək.

Sonra rəsm müsabiqəsinin münsiflər heyətinin sədri, xalq rəssamı Ağaəli İbrahimov rəsm və inşa üzrə builki müsabiqənin qaliblərini elan edib, münsiflər heyətinin üzvləri tərəfindən onlara diplom və hədiyyələr təqdim olunub. İnşa müsabiqəsində Seymur Həşimov 1-ci, Aydan Kazımova 2-ci, Alsu Cavadova 3-cü yerə, rəsm müsabiqəsində isə 5-8 yaş qrupu üzrə Firuzə Mahmudova 1-ci, Seyid Oqtay Həsənov 2-ci, Daşa Starikova 3-cü yerə, 9-12 yaş qrupu üzrə Məmməd Haqverdi 1-ci, Fuad Anzurov 2-ci, Məryəm Sultanova 3-cü yerə, 13-18 yaş qrupu üzrə Milana Süleymanova 1-ci, Mustafa Abdullayev 2-ci, Zümrüd İbişova 3-cü yerə layiq görülüblər. Bundan başqa, ötən müsabiqələrdə qalib olmuş 5 nəfər gənc rəssama Vergilər Nazirliyinin xatirə hədiyyələri verilib.

Bayram şənliyi T.İsmayılov adına Uşaq-gənclər yaradıcılıq mərkəzinin gənc vokalçı və rəqqaslarından ibarət "Noğullar" və "Can bala" uşaq musiqi qruplarının, "Cücələrim" rəqs ansamblının, şən klounların və sehrbazların çıxışları ilə davam edib. Rəsm sərgisi gün ərzində H.Cavid parkında nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti