...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri yenidən bu vəzifəyə seçilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 İyun 2012 13:20 (UTC +04:00)
Trend-in məlumatına görə, qurultayı açan ATGTİ sədri Şahin İsmayılov ötən dövr ərzində İttifaqın həyata keçirdiyi işlər barədə məlumat verib. O qeyd edib ki, ölkədə gənclərlə bağlı bir çox layihələrdə İttifaq yaxından iştirak edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri yenidən bu vəzifəyə seçilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

İyunun 2-də "Gülüstan" sarayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) II hesabat-seçki qurultayı işə başlayıb.

Trend-in məlumatına görə, qurultayı açan ATGTİ sədri Şahin İsmayılov ötən dövr ərzində İttifaqın həyata keçirdiyi işlər barədə məlumat verib. O qeyd edib ki, ölkədə gənclərlə bağlı bir çox layihələrdə İttifaq yaxından iştirak edib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qurultayda çıxışı zamanı bildirib ki, ATGTİ yaranan zaman ölkədə 200-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərirdi və ATGTİ öz təsis qurultayında qarşısına qoyduğu minimum planı yerinə yetirə bildi, bütün ali təhsil müəssisələri ilə əlaqələr yaratdı. Növbəti illər də bu qurumun qarşısında böyük işlər durur. ATGTİ tələbələr arasında daha sıx əlaqələr yaradılmasına nail olub.

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, ATGTİ tələbələrin problemləri, qayğıları ilə maraqlanan, onları həll etməyə yönələn bir qurumdur. Aslanov tələbələrə daha da fəallıq, təşəbbüskarlıq göstərməyi, irəliyə getməyi məsləhət görüb.

PA rəsmisi hesab edir ki, Azərbaycanın gələcək potensialı ATGTİ-də toplaşıb.

Onun sözlərinə görə, Azərbaycan tələbələri ölkənin təbliğində mühüm addımlar ortaya qoymalıdır.

"Bugünkü Azərbaycan regional liderə çevrilir. Hər bir gənc Azərbaycan reallıqlarını dünyaya çatdırmalı, xüsusən, Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünyanın digər bölgələrində yaşayan tələbə yoldaşlarına çatdırmalıdır. Azərbaycan tələbələri informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə də ölkə reallıqlarının dünyaya çatdırılmasında səfir rolunu oynayır. Azərbaycanın hər bir gənci bilməlidir - o, böyük, qüdrətli bir ölkənin vətəndaşıdır. Bizim məqsədimiz Azərbaycanın gənc nəslinin təşəbbüskar, fəal və intellektual olmasına nail olmaqdır", - Aslanov əlavə edib.

Aslanov deyib ki, Azərbaycanda bəzi universitetlərdə tələbə təşkilatlarına lazımi qiymət verilmir.

"Biz bilirik ki, bəzi universitetlərdə təəssüflər olsun ki, tələbə təşkilatlarına lazımi qiymət verilmir. Bəzi universitetlərdə tələbə-gənclər təşkilatlarına münasibət rektorluq və ali təhsil ocağının rəhbərliyi tərəfindən, nə də infrastruktur və şərait baxımından lazımi səviyyədə deyil. Bunu açıq bəyan etmək istəyirik", - o deyib.

O qeyd edib ki, ATGTİ-nin qarşısında çox önəmli bir missiya var.

Onun sözlərinə görə, İttifaq hər bir tələbənin hüququnun qorunmasında, onun nailiyyətinin, uğurunun, probleminin, çətinliyinin universitet rəhbərliyinə çatıdırılmasında mühüm vasitə, körpü rolunu oynamalıdır.

PA rəsmisi qeyd edib ki, hər bir universitetdə tələbə təşkilatı üçün xüsusi şərait yaradılmalıdır. "Tələbə təşkilatları öz hüquqlarından istifadə edərək daha səmərəli, daha güclü təşkilata çevrilmək üçün çalışmalıdır", - o bildirib.

Təhsil nazirinin müavini Qulu Novruzov tədbirdə bildirib ki, bugünkü şəraitdə gənclərin qarşısında duran vəzifələr 10 il bundan əvvəl qarşıda duran vəzifədən kəskin fərqlənir. Azərbaycanın yerləşdiyi geostrateji mühit vadar edir ki, Azərbaycan gəncləri daha böyük səylə çalışsınlar, biliklərə yiyələnsinlər.

Qurultayda Şahin İsmayılov yenidən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri seçilib.

Səsvermə nəticəsində İsmayılov 364 səslə digər namizədləri xeyli qabaqlayıb.

"Çalışacağam ki, komandamla birgə öz işimizi daha effektiv quraq və yeni layihələrlə tələbələri sevindirək", - İsmayılov səsvermədən sonra çıxışında deyib.

Xəbər lenti

Xəbər lenti