...

Azərbaycanda Gənclər Fondunun fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaq

Cəmiyyət Materials 4 İyun 2012 11:41 (UTC +04:00)
İyunun 8-də Azərbaycanda Gənclər Fondunun loqosu, saytı və fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaq.
Azərbaycanda Gənclər Fondunun fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend müxbir M.Əliyev/

İyunun 8-də Azərbaycanda Gənclər Fondunun loqosu, saytı və fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən bildirilib.

Azərbaycan Gənclər Fondu daha öncə gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan etmişdi. Müsabiqənin keçirilməsində əsas məqsəd isə gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaq idi. Müsabiqə ərzində 181 ədəd loqo təklifi gəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək. O cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədləridir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaq, ideyaların yaradılması və idarəedilməsini stimullaşdıracaq.

Xəbər lenti

Xəbər lenti