...

Ombudsman: ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti tam əks etdirmir

Cəmiyyət Materials 7 İyun 2012 19:24 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb.
Ombudsman: ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti tam əks etdirmir

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüşün məqsədi ABŞ Dövlət Departamentinin bu gün dünya ölkələrində insan hüquqlarına dair verdiyi illik hesabatın təqdimatından və ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə yeni təyin olunmuş ikinci katibi Ceff Kurgel ilə tanışlıqdan ibarət olub.

Süleymanova qonağa insan hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər, işgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun fəaliyyəti, dövlət qurumları, vətəndaş cəmiyyəti, QHT-lər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri haqqında məlumat verib. O, insan hüquqları sahəsində geniş maarifləndirmə işinin aparıldığını, təşəbbüsü ilə artıq üç tədris ilidir ki, Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə pilləli tədris layihəsinin uğurla həyata keçirilməsi, ilk olaraq Bakıdakı üç pilot məktəbdə bu prosesə başlanılması, daha sonra paytaxtın on bir rayonunun hərəsindən bir məktəb seçilməklə bu prosesin davam etdirilməsi, habelə respublikanın bir neçə rayonunda da həmin layihənin uğurla həyata keçirilməsi barədə məlumat verib.

Qeyd edilib ki, müvəkkil dövlət qurumları, Polis Akademiyası ilə sıx əməkdaşlıq edir, hakimlər və vəkilliyə namizədlər, polis əməkdaşları üçün maarifləndirici treninqlər təşkil edir. O, yuvenal ədliyyə haqqında qanun layihəsi üzərində işlərin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb.

Sterlinq sözügedən hesabatda azadlıqdan məhrumetmə yerlərində saxlanma şəraitinin yaxşılaşdırılmasının, yeni müəssisələrin tikilməsi və müasirləşdirilməsinin, həbsxanalarda həyata keçirilən vərəm əleyhinə proqramın, həmçinin ombudsman təsisatının, QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinin, Daxili İşlər Nazirliyinin o cümlədən küçə uşaqları ilə bağlı gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Müvəkkil törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin cəzalandırılması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsullarla və onların əfvi ilə bağlı təkliflər verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, fəaliyyət göstərdiyi 10 il ərzində ombudsmanın vəsatətləri üzrə ümumilikdə müxtəlif əhali qruplarından olan 367 məhkumun əfv edilərək azadlığa buraxılıb.

Ombudsman ABŞ Dövlət Departamentinin hesabatının çox kəskin hazırlandığını, ölkəmizdə insan hüquqları sahəsində vəziyyəti tam, həqiqətəuyğun əks etdirmədiyini və təhriflərə yol verildiyini qonağın diqqətinə çatdırıb. O, eyni zamanda qeyd edib ki, hesabatın Azərbaycan dilinə tərcümə edilmiş mətni təhlil olunaraq, həqiqətəuyğun iradlar olduqda nəzərə alınacaq.

Xəbər lenti

Xəbər lenti