...

Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 8 İyun 2012 10:29 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyində Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib
Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyində Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclasda Şura üzvlərindən gənclər və idman nazirinin müavini İntiqam Babayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, təhsil nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nın İnkişaf Proqramının Layihə rəhbəri Məzahir Əfəndiyev, Avropa Şurasının Azərbaycandakı ofisi rəhbərinin müavini Teymur Məlik-Aslanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Şahin Seyidzadə, "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova iştirak ediblər.
İclası Fondun icraçı direktoru Fərhad Hacıyev açıq elan edib və Şuranın üzvlərini salamlayıb. Daha sonra Azərbaycan Gənclər Fondu haqqında ümumi məlumat verib və gündəlikdə duran məsələləri qeyd edib. Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının sədrliyi üçün gənclər və idman nazirinin müavini İntiqam Babayevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul olunub.

İclas zamanı Fondun loqosu Şura üzvlərinə təqdim olunub, loqonun simvolları açıqlanıb və təsdiq olunub. Gündəlikdə qeyd olunan digər məsələlərdən biri də elan olunacaq qrant müsabiqələri və onların şərtləri olub. Bundan əlavə, gənclər təşkilatlarının Fondun saytında necə qeydiyyatdan keçməli və müsabiqələrdə necə iştirak etmələri üçün şərtlər müzakirə olunub və təsdiq edilib.

Layihələrin maliyyələşdirilməsi, həmçinin xaricdə yaşayan azərbaycanlı tələbələr və gənclər üçün müsabiqələrdə iştirak şərtləri də müzakirə olunan məsələlər içində olub. Xüsusilə, regionlardan gələcək layihələrin maliyyələşdirilməsinə diqqət ayrılacağı qeyd olunub. Daha sonra gənclərə beynəlxalq tədbirlərdə, seminarlarda, layihələrdə iştirak imkanı verəcək iştirak qrantları haqqında da müzakirələr aparılıb.

Sonda Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi, tədbirin planı açıqlanıb və təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb. Fondun Əsasnaməsinə uyğun olaraq, Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir.

Xəbər lenti

Xəbər lenti