...

Azərbaycanda yeni hazırlanan dərsliklərlə bağlı ilkin rəy açıqlanıb

Cəmiyyət Materials 11 İyun 2012 13:14 (UTC +04:00)
Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurası 2012-2013-cü tədris ili üzrə I və V siniflər üçün yeni hazırlanan dərsliklərin layihələrinə ilkin rəyini açıqlayıb.
Azərbaycanda yeni hazırlanan dərsliklərlə bağlı ilkin rəy açıqlanıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurası 2012-2013-cü tədris ili üzrə I və V siniflər üçün yeni hazırlanan dərsliklərin layihələrinə ilkin rəyini açıqlayıb. Bunu bazar ertəsi Trend-ə Şuranın sədri Elmina Kazımzadə deyib.

Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi tərəfindən elan edilmiş tenderə təqdim edilmiş dərsliklərin layihələri qiymətləndirilir. Bu qiymətləndirmənin ilkin nəticələrinə əsasən, həmin dərsliklərin təkmilləşdirilməsinə ehtiyac var.

Kazımzadə deyib ki, dərsliklər şagirdlərə daha çox tədqiqatçılığı aşılamalıdır. Ona görə də dərsliklərin bu baxımdan təkmilləşdirilməsinə ehtiyac duyulur. Şura sədri bununla bağlı hazırlayacaqları tövsiyələrini nazirliyə təqdim edəcəklərini də söyləyib.

O, bunu da əlavə edib ki, orta məktəb dərsliklərinin keyfiyyətinin necə olması daha çox nəşriyyatlardan asılıdır və bu məsələdə əsas məsuliyyət nəşriyyatların üzərinə düşür. Çünki müəllifləri dərsliklərin hazırlanması prosesinə nəşriyyatlar cəlb edirlər.

Şura sədrinin sözlərinə görə, dərsliklərin hazırlanmasında nəşriyyatların kommersiya maraqları da olur. Onlar daha çox yüksək tirajlı dərsliklərə maraq göstərirlər.

"Məsələn, məktəblərdə I-V sinif şagirdləri üçün ingilis dilli qruplar daha çox təşkil edilir. Buna görə də nəşriyyatlar xarici dillərdən ingilis dili dərsliklərin hazırlanmasına daha çox maraq göstərirlər", - Kazımzadə əlavə edib.

Qeyd edək ki, bu ilin may ayında Təhsil Nazirliyi I və V sinif şagirdləri üçün yeni dərsliklərin hazırlanması və çap edilməsi məqsədilə tender elan edib.

Xəbər lenti

Xəbər lenti