...

Ağsuda I-II əsrlərə aid nadir saxsı qab nümunələri tapılıb (FOTO)

Cəmiyyət Materials 11 İyun 2012 14:06 (UTC +04:00)
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən Girdimançaydan Ağsu şəhərinə su xətti çəkmək məqsədilə torpaq işləri görülərkən Bakı-Göyçay magistral yolunun şimal tərəfində Kəlağaylı kəndi ərazisində I-II əsrlərə aid qəbirlər üzə çıxıb.
Ağsuda I-II əsrlərə aid nadir saxsı qab nümunələri tapılıb (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən Girdimançaydan Ağsu şəhərinə su xətti çəkmək məqsədilə torpaq işləri görülərkən Bakı-Göyçay magistral yolunun şimal tərəfində Kəlağaylı kəndi ərazisində I-II əsrlərə aid qəbirlər üzə çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu Arxeoloji Ekspedisiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, ekskavatorla dağıdılmış qəbirin hər birində zəngin avadanlıq qeydə alınıb.

Bunlar əsasən yüksək zövqlə hazırlanmış rəngarəng çeşidli saxsı qab nümunələridir. Tapıntıların əksəriyyətini iri təsərrüfat küpləri, süddanbiçimli, ağzı büzməli, lüləkli və novçalı qablar, təkayaq vazalar, kiçik küp və dolçalar təşkil edir.

Qəbirlərdən çıxan materiallar içərisində qayıqvarı formalı dən daşları və dəmir silah nümunələri də var. Amma inşaatçıların və aidiyyəti qurumların səhlənkarlığı üzündən qədim alban mədəniyyətinə aid bu nadir tapıntıların xeyli qismi sındırılıb, bir qismi isə fəhlələr və ətraf kəndlərin sakinləri tərəfindən mənimsənilib.

AMEA-nın Ağsu Arxeoloji Ekspedisiyası hadisədən xəbər tutduqda su kəməri çəkilən əraziyə baxış keçirib, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müvafiq akt tərtib edib və dağıdılmış tapıntıların bir qismini toplaya bilib. Aşkar olunmuş yeni abidənin dövlət qeydiyyatına alınması üçün ekspedisiya rəhbərliyi tərəfindən zəruri tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti