...

Ekologiya Nazirliyi əhaliyə müraciət edib

Cəmiyyət Materials 12 İyun 2012 14:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
Ekologiya Nazirliyi əhaliyə müraciət edib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, respublikamızın ərazisində havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Meşə yanğınlarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq ETSN-in Fövqəladə Hallar Mərkəzinin əməkdaşlarının, eləcə də bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirilib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə 708 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqların çəkilməsinə və əvvəlki illərdə çəkilmiş 645 kilometr köhnə zolaqların təmir edilməsi işlərinə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi və yerli qurumları tərəfindən baş verə biləcək təhlükənin qarşısını almaq üçün Meşə Mühafizəsi və Bərpası Müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmaqla yanaşı, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülür. Qabaqlayıcı tədbirlərin vaxtaşırı həyata keçirilməsinin nəticəsidir ki, respublikamızın ərazisində meşə yanğını hadisələrinin sayı əvvəlki illərə nisbətən ilbəil azalaraq minimuma endirilib.

"Əfsuslar olsun ki, bəzi fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın humus qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pozulması ilə yanaşı, həm də bir sıra hallarda dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır", - nazirlikdən deyilib.

Xəbər lenti

Xəbər lenti