...

Dövlət Sosial Müdafiə Fondunda Əfqanıstanın dövlət qulluqçuları ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 14 İyun 2012 13:54 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycanda səfərdə olan Əfqanıstan Respublikasının Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının baş direktoru Sayed Zabiullah Savayzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Sosial Müdafiə Fondunda Əfqanıstanın dövlət qulluqçuları ilə görüş olub (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycanda səfərdə olan Əfqanıstan Respublikasının Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının baş direktoru Sayed Zabiullah Savayzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan DSMF sədri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün uğurla davam etdirilən sosial-iqtisadi siyasət, strateji proqramların səmərəli gerçəkləşdirilməsi ölkə həyatının bütün sahələrində əsaslı inkişafa gətirib çıxarıb.

Ölkədəki geniş spektrli islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması ücün indiyə qədər görülən işlər barədə məlumat verən Fondun sədri dövlət qulluqçularının pensiya təminatı, fərdi uçot sistemi, sığorta-pensiya sistemində hüquqi və fiziki şəxslərin qeydiyyatı, sosial qanunvericilik və s. məsələlərlə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb.

DSMF sədri bildirib ki, islahatların mühüm halqalarından biri kimi 2006-cı ildən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması və Azərbaycan vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ müəyyənləşdirilib.

Hazırda Fondun fərdi uçot sistemində 95 ölkədən 12 825 əcnəbi vətəndaş qeydiyyatdadır və onlardan 5-i Əfqanıstan vətəndaşlarıdır.

Müslümov nəzərə çatdırıb ki, ötən il Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində ölkəmizdə sığorta-pensiya sistemində həyata kecirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış olmaq məqsədilə Əfqanıstan Respublikasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bakıda keçirilən görüşlərin nəticəsi olaraq Əfqanıstan Respublikasının Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyi ilə əməkdaşlığın əsası qoyulub və hazırda əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanması üçün danışıqlar aparılır.

Görüşdə Azərbaycanda dövlət qulluqçularının pensiya təminatına da toxunulub. Bildirilib ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Əfqanıstan Respublikasının Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının baş direktoru Sayed Zabiullah Savayz Azərbaycanda sığorta-pensiya sistemində qısa müddət ərzində həyata keçirilən islahatları yüksək qiymətləndirdiyini bildirib.

O, Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin kecid dövrü ölkələri üçün nümunə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti