...

Bu il də Azərbaycanda yay isti keçəcək

Cəmiyyət Materials 14 İyun 2012 13:51 (UTC +04:00)
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda güclü istilər daha tez müşahidə olunmağa başlayıb.
Bu il də Azərbaycanda yay isti keçəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda güclü istilər daha tez müşahidə olunmağa başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva cümə axşamı Trend-ə bildirib ki, hazırda Bakıda havanın temperaturu illik normadan 6,5 dərəcə yuxarıdır. Hazırda qeydə alınan havanın temperaturu 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir. Ötən il havanın temperaturu bu illə müqayisədə bir qədər aşağı olub. Belə ki, ötən ilin iyununda Bakıda havanın maksimal temperaturu 33,2 dərəcədən yüksək olmayıb.

Tağıyeva deyib ki, hər il olduğu kimi, bu il də yayın isti keçməsi Azərbaycan üçün səciyyəvi haldır. Onun sözlərinə görə, çox nadir hallarda Bakıda hava sərin olur. Bunu 10, 100 illik meteoroloji müşahidələr də təsdiqləyir.

Büro direktoru bildirib ki, hazırda müşahidə edilən və gözlənilən istilər anomal hava şəraiti kimi qiymətləndirilə bilər.

O əlavə edib ki, iyunun 13-də Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38, Maştağada 39 dərəcəyə çatıb. Hazırda Aran rayonları ilə müqayisədə Bakıda daha yüksək temperatur müşahidə olunur. Aran rayonlarında havanın temperaturu 35 dərəcə isti təşkil edir.

İyunun 15 və 16-da Azərbaycanda havanın temperaturu 35-40 dərəcə arasında olacaq. Aran rayonlarında 35 dərəcə isti olacağı gözlənilir. Bakı və Abşeron yarımadasında cənubdan isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu 35-38 dərəcə olacaq. Yarımadanın bəzi yerlərində isə temperatur 40 dərəcəyə çatacaq.

İyunun 17-dən isə ölkədə hava şəraitinin dəyişiləcəyi gözlənilir. İyunun 17-dən isti küləklərin şimal küləyi ilə əvəzlənməsi nəticəsində temperatur tədricən 5-8 dərəcə enəcək. İyunun 17-də şimal küləyinin sürəti nisbətən artacaq və bu səbəbdən temperatur 30-34 dərəcə intervalında dəyişəcək. İyunun 18-də hava şəraiti daha da sərinləşəcək, küləkli hava davam edəcək. İyunun 18-19-da Bakıda havanın temperaturu paytaxtda 26-28 dərəcədən yuxarı olmayacaq. Nisbətən sərin hava iyunun 20-dək davam edəcək.

Tağıyeva deyib ki, iyunun III ongünlüyünün ilk günlərində də belə kəskin anomal istilər gözlənilmir.

Xəbər lenti

Xəbər lenti