...

Azərbaycanda geniş istifadə edilən dərmanların istehsalı ilə bağlı qərar açıqlanıb

Cəmiyyət Materials 14 İyun 2012 15:40 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərkibində bor turşusu olduğu üçün dövlət qeydiyyatının ləğvi məsələsi gündəmə gələn 2,5 faizlik "Leyner" məlhəmi və "Teymurov" pastası ilə əlaqədar qərarını açıqlayıb.
Azərbaycanda geniş istifadə edilən dərmanların istehsalı ilə bağlı qərar açıqlanıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərkibində bor turşusu olduğu üçün dövlət qeydiyyatının ləğvi məsələsi gündəmə gələn 2,5 faizlik "Leyner" məlhəmi və "Teymurov" pastası ilə əlaqədar qərarını açıqlayıb.

Şuranın sədri, Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı Trend-ə deyib ki, həm "Leyner" məlhəmi, həm də "Teymurov" pastasının tərkibində bor turşusu olduğu üçün istehsalçı şirkətlərə həmin dərmanların tərkiblərinə və istehsal reqlamentlərinə yenidən baxmaq tövsiyə edilib.

Şura sədrinin sözlərinə görə, istər "Teymurov" pastası, istərsə də "Leyner" məlhəminin tərkibi yalnız bor turşusundan ibarət deyil. Onların hər birinin tərkibində 5, 6, 7 komponent var. Həmin komponentlərdən biri də bor turşusudur. Buna görə də bu məsələ bir daha öyrənilməli və baxılmalıdır.

Ağayev deyib ki, "Teymurov" pastasının ilk istehsalçısı elə Azərbaycan olub.

"Buna görə onu birbaşa tam ləğv etməyimiz bəlkə də bu gün düzgün deyil. Çünki Azərbaycanın adı ilə buraxılan preparat indi Rusiyada istehsal olunursa və qadağan olunmursa, biz buna da bir az ehtiyatlı yanaşmalıyıq. Düşündük ki, müəssisələr istehsal prosesinə, texnologiyaya daha diqqətlə yanaşsınlar və bor turşusunun miqdarını azaltsınlar. Əgər onlar bor turşusunun miqdarını biz dediyimiz miqdara qədər azalda bilsələr, istehsallarını davam etdirə bilərlər. Azalda bilməsələr, həmin preparatlar Azərbaycanda istifadə edilməyəcək", - Ağayev əlavə edib.

O deyib ki, ümumiyyətlə, bor turşusunun istifadəsi ilə bağlı məsələ 1970-ci illərdən müzakirə edilir. Bu preparatın hətta ölümə səbəb olduğu da bildirilir.

Ağayev qeyd edib ki, amma bu gün bu dərman yenə də bir çox ölkələrdə istifadə olunur. Bəzi ölkələrdə isə onun istifadəsinə məhdudiyyət qoyulub.

"Biz də Şurada belə qərara gəldik ki, onun tozunu birmənalı şəkildə qadağan edək. Dünya ölkələrinin qəbul etdiyi bir qayda var ki, preparatların tərkibində bor turşusu 3 faizədək olarsa, ölkələr bunu qəbul edirlər. Biz də bu qənaətə gəldik ki, preparatların tərkibində bor turşusu 3 faizədək olduğu hallarda onların istifadəsi saxlanılsın", - Ağayev əlavə edib.

O bildirib ki, Şura tərəfindən bu yaxınlarda keçirilən iclasda da 6 preparatın istifadəsinə qadağa qoyulub. Onlardan biri Azərbaycanda çox uzun müddət istifadə edilən polivinilpirrolidon tərkibli 12 minlik "Hemodez" infuziya məhlullarıdır.

Ağayev deyib ki, Şura dərmanların xəstələrə əks təsirini müəyyən etmək üçün həkimlərə xüsusi blanklar paylayır. Ancaq həkimlər tərəfindən həmin blanklar doldurulmur.

"Həkimlər hansısa dərman preparatının əks təsiri olarsa, onunla bağlı məlumatları blanklarda qeyd edərək bizim Şuraya təqdim etməlidirlər. Ancaq ya doğrudan da dərmanların əks təsirləri ilə bağlı hallar baş vermir, ya da həkimlər işləmirlər. Dərmanların əks təsiri ilə bağlı müraciətlər də olmur. Buna görə də bizim dərmanların istifadəsi ilə bağlı qərarları verməkdə yeganə söykəndiyimiz nöqtələr dünya ölkələrinin qəbul etdiyi, dərman şirkətlərinin özlərinin verdikləri qərarlardır. Söz yox ki, Avropa ölkələrinin qəbul etdiyi qərarları dünyanın bir sıra ölkələri qəbul etmir və həmin dərmanları əvvəlki kimi istifadə edirlər. Amma bu gün Azərbaycan səhiyyəsi dünya, Avropa səhiyyəsinə inteqrasiya edir. Ona görə də biz həmin yeniliklərdən geri qala bilmərik", - nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti