...

Kürdə suyun səviyyəsi artıb

Cəmiyyət Materials 18 İyun 2012 13:01 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 14-dən başlayaraq Surra məntəqəsində suyun səviyyəsində 27 sm, Şirvanda 26 sm, Salyanda 20 sm, Bankədə 18 sm, Araz çayının Novruzlu məntəqəsində isə 30 sm artım olub.
Kürdə suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 14-dən başlayaraq Surra məntəqəsində suyun səviyyəsində 27 sm, Şirvanda 26 sm, Salyanda 20 sm, Bankədə 18 sm, Araz çayının Novruzlu məntəqəsində isə 30 sm artım olub.

İyunun 17-də yağan yağışlarla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Lakin iyunun 18-də səviyyə 7 sm azalıb. Hazırda məntəqədə su sərfi 156 m3/san olmaqla, ongünlük normanın 26 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 3 dəfə çox olmaqla 457 m3/san və ongünlük normanın 77 faizini təşkil edib.

Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2011-ci il iyunun 18-də 673 sm), Şirvanda 242 sm (2011-ci il iyunun 18-də 583 sm), Salyanda 203 sm (2011-ci il iyunun 18-də 568 sm), Bankədə 235 sm (2011-ci il iyunun 18-də 351 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2011-ci il iyunun 18-də 415 sm) təşkil edir.

İyunun 18-də Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə normanın 10-15 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti