...

Azərbaycanda ikinci mərhələ üçün "Layiqli əməyin təminatı üzrə ölkə proqramı" qəbul ediləcək (FOTO)

Cəmiyyət Materials 20 İyun 2012 13:26 (UTC +04:00)
Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə çərşənbə günü "Layiqli əmək üzrə ölkə profili" mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycanda ikinci mərhələ üçün "Layiqli əməyin təminatı üzrə ölkə proqramı" qəbul ediləcək (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə çərşənbə günü "Layiqli əmək üzrə ölkə profili" mövzusunda beynəlxalq konfrans keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə beynəlxalq təşkilatların, aidiyyətı dövlət və qeyri-dövlət qurumlarının, sosial tərəfdaşların nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov möhtərəm dövlət başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində dayanıqlı iqtisadi tərəqqi dinamikasına malik olan ölkəmizdə eyni zamanda əmək qanunvericiliyinin bazar iqtisadiyyatı prinsipləri və ümumbəşəri normalara uyğun təkmilləşdirilməsi, səmərəli məşğulluğun və layiqli əməyin təminatı istiqamətində sosial tərəfdaşlarla birgə məqsədyönlü islahatların həyata keçirildiyini, ölkədə layiqli əməyin təminatı üçün əlverişli mühitin yaradıldığını vurğulayıb.

Qeyd olunub ki, Beynəlxalq Əmək Təşkilatı, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2006-cı ildə imzalanmış "Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün layiqli əməyin təminatı üzrə ölkə proqramı" uğurla icra olunub. Proqramın icrası sahəsində görülən işlərin təhlil edilməsi və ötən müddətdə layiqli əmək amillərinin (indiqatorların) inkişaf tendensiyasına nəzər yetirilməsi, qarşıda duran vəzifələrin müəyyən edilərək ikinci mərhələ üçün qəbul ediləcək yeni ölkə proqramında nəzərdə tutulması mühüm önəm kəsb edir.

Bununla bağlı olaraq, aparılmış təhlillər əsasında BƏT-in dəstəyilə "Layiqli əmək üzrə ölkə profili" hazırlanıb. Sənəddə layiqli əməyin qiymətləndirilməsi ilə bağlı BƏT tərəfindən müəyyən edilmiş 21 indikator (göstərici) üzrə ölkəmizdə 2000-2010-cu illərə dair vəziyyət qiymətləndirilərək təhlil edilir. Məqsəd bu indikatorlar əsasında milli qanunvericilik bazasını ötən 10 il üzrə təhlil etmək, bu təhlillərin nəticəsi olaraq BƏT-in dəstəyi ilə respublikada layiqli əməyin təminatı üzrə davamlı fəaliyyət planını hazırlamaq, Azərbaycan Respublikasında ikinci mərhələ üçün layiqli əməyin təminatı üzrə ölkə proqramını qəbul etməkdən ibarətdir.

Konfransda "Layiqli əmək üzrə ölkə profili", layiqli əmək, layiqli əməyin qiymətləndirilməsi üçün istifadə olunan qlobal metodologiyalar, beynəlxalq təcrübə və yanaşmalarla bağlı çıxışlar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti