...

Azərbaycanda ali məktəblərin elmi fəaliyyətlə məşğul olması stimullaşdırılacaq

Cəmiyyət Materials 20 İyun 2012 13:37 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çərşənbə günü jurnalistlərə bildirib ki, parlamentdə hazırlanan "Elm haqqında" qanun layihəsində ali məktəblərin elmi fəaliyyətlə məşğul olmasının hüquqi bazası yaradılacaq.
Azərbaycanda ali məktəblərin elmi fəaliyyətlə məşğul olması stimullaşdırılacaq

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ali məktəblərin üzərinə elmi fəaliyyətlə bağlı öhdəliklər qoyulacaq.

Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çərşənbə günü jurnalistlərə bildirib ki, parlamentdə hazırlanan "Elm haqqında" qanun layihəsində ali məktəblərin elmi fəaliyyətlə məşğul olmasının hüquqi bazası yaradılacaq.

"Əvvəllər ali təhsil müəssisələrində büdcə vəsaiti ilə elmi tədqiqat işləri yerinə yetirilirdi, indi isə bu, artıq tamamilə yeni müstəviyə qaldırılır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da universitetlər elmi fəaliyyətdə ən aparıcı mövqeyə çıxmalıdır", - o deyib.

Hacıyev bildirib ki, hazırda Azərbaycan universitetlərinin elmi potensialı böyükdür, amma təəssüf ki, bundan çox az istifadə edilir.

"Bunun səbəbi universitetin əsas fəaliyyətinin tədrisin üzərində qurulmasıdır. Lakin bu gün dünyada tədqiqatçı universitetlər reytinq cədvəlində ilk onluqdadır, bütün elmi tədqiqatların əsas ağırlıq mərkəzi universitetlərin üzərinə düşür", - komitə sədri deyib.

Hacıyev bildirib ki, "Elm haqqında" qanun layihəsi yaxın günlərdə komitənin iclasına çıxarılacaq və Milli Məclisin yaz sessiyasının ikinci növbədənkənar iclasında müzakirə olunması gözlənilir.

"Elm haqqında" qanun bu sahədə qəbul olunan tamamilə yeni qanundur, elmi fəaliyyət sahəsində olan bütün münasibətlər sisteminin hüquqi bazasını yaradır. Bu sahədə yüksək inkişaf etmiş ölkələrin qanunverici bazası öyrənilib, müəyyən müsbət məqamlar götürülüb və Azərbaycan şəraitinə, qanunvericiliyinə uyğunlaşdırılıb", - Hacıyev qanun layihəsi barədə deyib.

Xəbər lenti

Xəbər lenti