...

Bakı-Tbilisi media klubu yaradılıb (FOTO)

Cəmiyyət Materials 21 İyun 2012 13:59 (UTC +04:00)
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasi (AJQA) Prezident Yanında QHT-lərə Dəstək Şurasının maliyyə dəstəyi ilə "Gürcüstan mediasında Azərbaycan haqqında" adlı layihəyə start verib.
Bakı-Tbilisi media klubu yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasi (AJQA) Prezident Yanında QHT-lərə Dəstək Şurasının maliyyə dəstəyi ilə "Gürcüstan mediasında Azərbaycan haqqında" adlı layihəyə start verib.

Trend-in məlumatına görə, layihənin əsas məqsədi Gürcüstanda Azərbaycanın mədəniyyəti və incəsənəti, Dağlıq Qarabağ və qaçqınlar problemi, Azərbaycanda gedən iqtisadi inkişaf və s. barədə məlumatları Gürcüstan cəmiyyətinə çatdırmaq, eləcə də Azərbaycanda Gürcüstan haqqında məlumatlar yaymaqdan ibarətdir.

Layihə çərçivəsində AJQA-nın rəhbəri Sevil Yusifova və "Novosti-Azerbaydjan" beynəlxalq agentliyinin icraçı direktoru Gülnarə Məmmədzadə Tbilisi şəhərində rəsmi səfərdə olub.

Cümə axşamı keçirdiyi mətbuat konfransında səfər haqqında məlumat verən AJQA-nın rəhbəri Sevil Yusifova bildirib ki, iyunun 9-13-də nümayəndə heyəti Tbilisidə bir çox KİV rəhbərləri ilə görüşlər keçirib.

Onun sözlərinə görə, eyni zamanda, Gürcüstanın aparıcı media orqanlarının rəhbərləri və əməkdaşları bir araya gələrək "Azərbaycan və Gürcüstan əlaqələrinin inkişafında KİV-in rolu və təsiri. Medianın regionla əməkdaşlıqda yeni formatı" adlı tədbir təşkil olunub.

Tədbirdə səfərin məqsədindən və ikitərəfli əməkdaşlığın vacibliyindən danışlıb. "Dəyirmi masa"nın sonunda "Bakı-Tbilisi media klubu"nun yaradılması və informasiya mübadiləsinin aparılması təklif olunub.

Yusifova qeyd edib ki, təklif artıq gerçəkləşdirilib, "Bakı-Tbilisi media klubu" yaradılıb.

"Kluba qəbul məhdud çərçivədədir. Yalnız jurnalistlər və azərbaycanlı və gürcüstanlı media nümayəndələri bu klubda iştirak edə bilərlər. Digər ölkələrin media əməkdaşları hələlik bu kluba üzv seçilmir. "Bakı-Tbilisi media klubu"nun yaradılması başlanğıc üçün tanışlıq və əlaqələrin inkişafına xidmət məqsədi daşıyır", - Yusifova deyib.

O qeyd edib ki, klubda hər iki dövlətin aparıcı jurnalistləri iştirak edir və onları maraqlandıran suallara cavab tapmaqda bir-birilərinə kömək etmək imkanı da əldə etmiş olacaqlar.

Yusifova belə klubun gələcəkdə Türkiyə ilə də yaradılacağını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti