...

Beynəlxalq Əmək Təşkilatının profili Azərbaycana sosial dialoqu yaxşılaşdırmağa kömək edəcək (FOTO)

Cəmiyyət Materials 21 İyun 2012 17:00 (UTC +04:00)
Beynəlxalq Əmək Təşkilatının (BƏT) hazırladığı "Layiqli əmək üzrə Azərbaycan profili" ölkəyə əmək qanunvericiliyində və sosial sahədə yeni uğurlar qazanmaqda kömək edəcək.
Beynəlxalq Əmək Təşkilatının profili Azərbaycana sosial dialoqu yaxşılaşdırmağa kömək edəcək (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbirlər Y.Kosolapova, E.Tarıverdiyeva/

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hazırladığı "Layiqli əmək üzrə Azərbaycan profili" ölkəyə əmək qanunvericiliyində və sosial sahədə yeni uğurlar qazanmaqda kömək edəcək. Bu barədə cümə axşamı Trend-ə BƏT-in İnteqrasiya siyasəti departamentinin baş iqtisadçısı Nikolay Roqovski deyib.

"Topladığımız informasiyalar sosial dialoq haqqında məlumatlanmağımızda olduqca vacib rol oynaya bilər və biz yerli qanunvericiliyin təkmilləşdirilməsinə ümid edirik", - Roqovski qeyd edib.

O ümid etdiyini bildirib ki, sənəd, həmçinin islahatlara yeni töhfə verəcək.

"Siz dünyada ən yaxşı qanunlara sahib ola bilərsiniz, lakin problem onların icra edilməsindədir. Buna görə də tədbirlər planı hazırlamaq kifayət etmir. Bu tədbirlərin ümumi anlayışın, sosial tərəfdaşlar arasında konsensusun bir hissəsinə çevrilməsi daha vacibdir", - o deyib.

BƏT iyunun 20-də Bakıda "Layiqli əmək üzrə ölkə profili"ni təqdim edib.

Roqovskinin sözlərinə görə, sənəd Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə, habelə tərəfdaşların - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və BƏT-in Cenevrə və Moskvadakı bürolarından olan ekspertlərin dəstəyi ilə hazırlanıb.

Sənəd Azərbaycanda mövcud olan cari sosial və iqtisadi proseslər və əmək standartları haqqında tam məlumat verir. Sənəd ən azı 10 sahəni - məşğulluq, sosial müdafiə, sosial dialoq, əmək şəraiti və s. əhatə edir və Azərbaycanda sosial vəziyyətin hərtərəfli statistik və hüquqi təhlilini əks etdirir.

"Bu sənəd Azərbaycana özünü digər ölkələrlə müqayisə etməyə, harada çatışmazlıqların olduğunu, habelə harada və niyə müəyyən tərəqqiyə nail olunduğunu başa düşməyə imkan verir", - Roqovski hesab edir.

Bundan başqa, sənəd dövlət orqanlarına sosial təminat, sosial müdafiə, məşğulluq, sosial dialoq, əmək şəraiti və s. sahədə mövcud olan problemləri həll etməyə kömək edəcək.

Sənəd ingilis dilində dərc edilib, lakin yaxın vaxtlarda Azərbaycan dilinə tərcümə ediləcək və geniş auditoriya sənəd barədə ətraflı məlumat əldə edə biləcək.

"Biz indicə nazirlikdəki tərəfdaşlarımızla müzakirə edirdik ki, bu sənəd tez bir zamanda Azərbaycan dilinə tərcümə edilsin", - BƏT nümayəndəsi vurğulayıb.

Roqovskiy bildirib ki, bundan əlavə, əldə edilən razılığa əsasən, profil inkişaf nəzərə alınmaqla, qanunvericilik və statistik məlumatlar baxımından daimi əsasda yenilənəcək.

Xəbər lenti

Xəbər lenti