...

Azərbaycanda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

Cəmiyyət Materials 21 İyun 2012 19:15 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Azərbaycanda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Fonddan cümə axşamı Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi Nəsimi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu "Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" adlanır. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

Yazıların qəbulu 22 iyun 2012-ci il tarixində başlayır, 18 iyul 2012-ci il tarixdə başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fonda şəxsən təqdim olunmalıdır.

Müsabiqədə I yer (1000 manat) üçün bir, II yer (800 manat) üçün iki, III yer (600 manat) üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək.

Qaliblər, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti