...

"Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2012 19:22 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.
"Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.

Fonddan cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Nəsimi rayon ictimaiyyətinin nümayəndələri və tanınmış kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Fondun icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyətindən geniş söz açaraq deyib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirilib. Səfərli çıxışında bildirib ki, artıq iki ildir qurum bu cür layihələr həyata keçirir. Azərbaycan mətbuatının qədim tarixə malik olduğunu söyləyən icraçı direktor gələn ay milli mətbuatımızın 137-ci il dönümünün geniş şəkildə qeyd ediləcəyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan mətbuatının müstəqillik dövründə böyük naliyyətlər qazandığını söyləyən Səfərli bu uğurların bu gündə davam etdiyini bildirib. O qeyd edib ki, 1998-ci ildə ulu öndər Heydər Əliyev mətbuat üzərində senzuranı ləğv etməklə qəzetçiliyin inkişafına böyük təkan vermiş oldu. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə 5 mindən yuxarı KİV qeydiyyatdan keçib, 300-ə yaxın qəzet nəşr edilir. Onlardan 40-dək gündəlik, qalanları isə həftəlik və aylıq qəzetlərdir.

Çıxışının sonunda dövlət başçısının jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırması istiqamətində verdiyi sərəncamı xatırladan icraçı direktor, bu sahədə də işlərin uğurla davam etdiyini və jurnalistlər üçün tikilməkdə olan binanın gələn il istifadəyə veriləcəyini bildirib.

Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib. İştirakçılar çıxışlarında icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından tədbirlərin əhəmiyyətindən danışıblar. Konfransda kütləvi informasiya vasitələri ilə yerli icra strukturları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Vüqar Səfərli Fondun Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında "Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti