...

TQDK attestat qiymətlərinin yazılmasının ləngimə səbəblərini açıqlayıb

Cəmiyyət Materials 22 İyun 2012 13:24 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə buraxılış imtahanında iştirak edən 11-ci sinif məzunlarına attestat qiymətlərinin yazılmasının ləngimə səbəblərini açıqlayıb.
TQDK attestat qiymətlərinin yazılmasının ləngimə səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 22 iyun /Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə buraxılış imtahanında iştirak edən 11-ci sinif məzunlarına attestat qiymətlərinin yazılmasının ləngimə səbəblərini açıqlayıb.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, attestat qiymətlərinin yazılmasının ləngiməsi ilə bağlı valideynlər də onlara müraciət edirlər.

Onun sözlərinə görə, ölkə Prezidentinin fərmanına əsasən, məzunlarla bağlı məlumat bazaları TQDK-ya Təhsil Nazirliyi tərəfindən təhvil verilməli idi.

"Biz qeyd etmişdik ki, həmin təhsil bazaları TQDK-ya veriləndə müəyyən dəqiqləşmələr aparılacaq. Bu dəqiqləşmələr indiyə qədər də aparılır. Yalnız Bakı üzrə imtahan verən 20 mindən çox şagirdin 1800-nün ad və soyadlarında və atalarının adlarında uyğunsuzluqlar aşkar olunub. Burada texniki səhvlər də ola bilər. Amma bazada bir hərfin səhv getməsi başqa şəxs kimi qəbul oluna bilər", - Abbaszadə deyib.

O qeyd edib ki, Təhsil Nazirliyinin TİMS elektron bazasının strukturu çox gözəl olsa da, oradakı məlumatların düzgünlüyü, dəqiqliyi reallığa uyğun deyil.

"Bu işlər çox ciddi işlərdir. Hər bir rayon təhsil şöbəsi öz məzunlarının əvvəlki illərdəki illik qiymətlərini biz verdiyimiz bazaya daxil etməli idi. TİMS-də bu məlumatlar elektron formada olmalı idi. Amma bu məlumatlar bizə verilməmişdi və rayon təhsil şöbələri tərəfindən təzədən yığılır. Biz məntiqi yoxlamalar keçiririk. Dünən Bakı üzrə məntiqi yoxlamalarda 800 nəfərin qiymətləri ilə əlaqədar uyğunsuzluqlar aşkar edilib. Bu gün səhər artıq mənə məlumat verilib ki, Bakı üzrə baza artıq təmizlənib. TQDK-nın bazasında olan məlumatlar isə çox təmizdir", - Abbaszadə əlavə edib.

Onun sözlərinə görə, TQDK-nın bazasında səhvlər ola bilməz.

TQDK sədri deyib ki, bu gün Bakı üzrə məlumatlar elektron formada Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Təhsil Nazirliyinə veriləcək və onlar şagirdlərə attestat verə biləcəklər. Uşaqlara elektron attestatlarla yanaşı, real attestatlar da veriləcək.

"Amma qəbul imtahanları zamanı TQDK-ya real attestatlar lazım olmayacaq. Çünki oktyabr ayından TQDK hər bir müraciət edən uşağa elektron formada onun attestat faylını verə biləcək. İndi bu xidməti göstərməyə bizim texniki imkanımız var. Gələcəkdə bu məlumatları ayrıca serverdə yerləşdirəcəyik", - Abbaszadə deyib.

Xəbər lenti

Xəbər lenti