...

Biçmək üçün əkmək lazımdır

Cəmiyyət Materials 26 İyun 2012 10:14 (UTC +04:00)
Bu gün hələ də hər birimiz Şəki Xan Sarayının qarşısındakı "Xan çinarı" ağacına maraqla baxır, qonaqlarımıza onu fəxrlə göstəririk. Görəsən, Beş əsrə yaxın yaşı ilə bizləri heyrətləndirən, adı "Qırmızı kitab"a daxil olan bu ağacı kimlər əkib, kimlər onu qoruyaraq bizlərə çatdırıb?
Biçmək üçün əkmək lazımdır

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İsabalayeva/

Meşə fondunun mühafizəsinin təbliği və yeni yaşıllıqların salınmasında ictimaiyyətin rolu

Bu gün hələ də hər birimiz Şəki Xan Sarayının qarşısındakı "Xan çinarı" ağacına maraqla baxır, qonaqlarımıza onu fəxrlə göstəririk. Görəsən, Beş əsrə yaxın yaşı ilə bizləri heyrətləndirən, adı "Qırmızı kitab"a daxil olan bu ağacı kimlər əkib, kimlər onu qoruyaraq bizlərə çatdırıb?

... Hər dəfə evimizin yaxınlığındakı dayanacaqda avtobus gözləyərkən fikirləşirəm ki, görəsən, niyə insanlar günün istisindən qorunmaq üçün burada heç olmasa bircə ağac belə əkmirlər? Kimi gözləyirlər? Əlbəttə, hər birimiz gözləyirik... Gözləyirik ki, qızmar Günəşdən qoruNmaq üçün bizim yerimizə kimlərsə ətrafımızda yaşıllıq salsın, kimlərsə də bizim üçün əkilmiş, yeni ağacların boy atması üçün ona qulluq etsin...

Cəmiyyət üçün ən yaxşı mesaj

Bəlkə də hər birimiz bu işlərlə məşğul olmaqdan, insanların arasında ağac əkib, onu sulamaqdan çəkinirik. Fikirləşirik ki, insanlar əməllərimizə "düzgün" qiymət verməz, bizi "bu dünyanın adamı" kimi qəbul etməzlər. Belə düşünə-düşünə, özümüzə haqq qazandıraraq qəribə stereotip yaratmışıq. Cəmiyyətimizdə formalaşdırdığımız bu səhv fikirlər bizi hələ də yaşıllıqların salınması, ağacların qorunması kimi işlərdə fəal olmağa imkan vermir. Etiraf edək ki, hələ əlinə bel götürən və ağac əkən naziri görməyə də cəmiyyətimiz tam alışmayıb. Bu addımı kimsə sadəlik, kimsə vəzifə borcu, kimsə də yalnız təbliğat kimi qiymətləndirə bilər. Amma bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təşkil edilən iməciliklərə nazirin şəxsən rəhbərlik edərək ağac əkməsi bu stereotiplərin dağıdılmasının vaxtı gəldiyini cəmiyyətə çatdıran ən yaxşı mesaj, ən yaxşı nümunədir.

Biz meşələri qorumasaq da...

Bir çoxları artıq dərk etməlidirlər ki, biz insanlar meşələrimizi qorumaq istəməsək də, meşələr bizi ətraf mühitin "zəhər"lərindən qoruyur. Canlı "oksigen" zavodu hesab edilə bilən meşələrin 1 hektarı 1 saat ərzində 200 adamın oksigenlə zəngin hava ilə nəfəs almasına imkan verir. Hesablamalara görə, meşələrin hər hektarı il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac edir. 1 hektar meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur. Bu isə 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Meşələrin yaşamağımız üçün verdiyi "xidmətlər"in statistikasını xeyli uzatmaq da olar. Onların sayını çoxaltmq üçün aparılan işlərə gəlincə, ETSN-in Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyir ki, son 15 ildə Azərbaycanda meşə əkinləri və meşə bərpası tədbirləri 2- 2,5 dəfə artırılıb. Bunun hesabına meşə sahəsinin 0,4 faiz çoxaldılmasına nail olunub. Ancaq normal olaraq, respublikanın ən azı 22-25 faizi meşə ilə örtülü olmalıdır.

Küçəni süpürgəci yığışdırmalı, ağacları ekoloqlar qorumalıdır...

Əksəriyyətimiz, "Ekoaləm" İctimai Birliyinin rəhbəri Sevil Yüzbaşovanın dediyi kimi, elə-belə də fikirləşirik: "Bu gün Azərbaycan cəmiyyətində əksəriyyət düşünür ki, hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməli - süpürgəci küçəni süpürməli, ekologiya sahəsində çalışanlar da ağacları qorumalıdırlar. Hesab edirlər ki, kim hansı sahə üzrə işləyirsə, həmin sahəyə aid işləri də o görməlidir. Adi misal: hamı bilir ki, küçədə süpürgəçi var və onun vəzifə borcu küçəni süpürməkdir. Çox insan küçədə olarkən əlindəki zibili yaxınlıqdakı zibil qutusuna atmağa da tənbəllik edir, yerə atır. İrad tutanda da deyirlər ki, süpürgəçi yığışdıracaq. Meşələrə, yaşıllıqlara olan münasibət bundan da pisdir. Azərbaycan cəmiyyətində belə səhv fikir formalaşıb ki, meşələr tükənməzdir, ona görə də onları qırmaq olar. Halbuki, alimlərin apardığı tədqiqatlar meşələrin tükəndiyini göstərir".

Ekspert deyir ki, meşə salmaq üçün həmin ərazilərdə əvvəlcə alaq otlarının bitməsinə şərait yaradılmalıdır: "Onların örtüyü altında olan sahələrdə ağacların və kolların toxumları özlərinə möhkəm yer tutmalı, kol bitkiləri bütün torpağın üzərini örtməlidir. 25 il keçdikdən sonra isə həmin ərazidə enliyarpaqlı, yeni gənc ağaclar əkmək olar. Görün, meşələrin bərpa edilməsi nə qədər uzun sürən bir prosesdir. Buna görə də əhali maariflənməlidir. Televiziya kanallarında müxtəlif səviyyəsiz verilişlər yayımlanır. Onların yerini təbiətlə bağlı verilişlər tutmalı, əhaliyə təbiətdə baş verən hadisələr barədə, elmi əsasa söykənən maraqlı verilişlər verilməlidir".

Ağacları qeyri-ənənəvi üsullarla da qorumaq olar

Yüzbaşovanın fikrincə, uşaqlarda ekoloji tərbiyənin bünövrəsi ana tərəfindən qoyulmalıdır. Bunun üçün bir sıra yeni qeyri-ənənəvi üsullar var: "Ekoloji maarifləndirməni qeyri-ənənəvi metodlarla aparmaq üçün "Ağaçın ürək döyüntüləri", "Ağacla tanışlıq", "Gender və ekoloji təhsilə yardım", "Ekoloji mədəniyyət və turizm" adlı kitablar və "Meşədə davranış qaydaları" adlı plakat hazırlayaraq məktəblər, məktəbdənkənar müəssisələrdə paylamışıq. Bu nəşrlərdə təbiət qoynuna istirahətə gedərkən özünü necə aparmaq, təbiətə ziyan vurmadan istifadə etmək, meşələrdə yanğınların baş verməməsi üçün ocağı harada qalamaq barədə çox faydalı məlumatlar var. Hər kəs yaşadığı ərazidən asılı olmayaraq, yaşıllıqların mühafizəsi və salınması işində yaxından iştirak etməlidir. Ekoloji problemlər o zaman öz həllini tapar ki, əhalinin əksəriyyəti bu işi öz həyat tərzinə çevirsin".

Təşkilatlar fəal, əhali isə zəif

ETSN rəsmisi Sadiq Salmanov əvvəlki illərlə müqayisədə son bir ildə yaşıllıqların salınmasına, meşələrin qorunmasına ictimaiyyətin münasibətinin bir qədər müsbətə doğru dəyişdiyi qənaətindədir: "Artıq əhali başa düşür ki, ölkəmizin meşə sahələri azdır və onları artırmaq lazımdır. Amma yenə də ictimaiyyətin meşə fondunun mühafizəsi və yeni yaşıllıqların salınması işlərində iştirakı tam qaneedici deyil. İnsanlar yeni yaşıllıqların salınmasına bir o qədər də meyl göstərmirlər. Yaşıllıqların salınması üçün nazirlik tərəfindən mütəmadi iməciliklər keçirilir. Amma iməciliklərdə iştiraka daha çox təşkilatlar könüllü qoşulurlar, fərdi şəkildə isə insanlar bu işlərə çox maraq göstərmirlər".

ETSN-dən maraqlı təklif

Sektor müdiri hesab edir ki, ictimaiyyəti də bu işə daha fəal şəkildə cəlb etmək olar: "Biz ildə iki dəfə "Yaşıllıq ayı" keçiririk. Müvafiq rayon icra hakimiyyəti başçılarına müraciət edirik ki, "Yaşıllıq ayı" elan edilir, müəssisələri, məktəbləri, digər təşkilatları oraya cəlb etsinlər. Biz bunun üçün həmin müəssisələrə əvəzsiz olaraq, ting də veririk".

Salmanov bildirib ki, ümumilikdə ETSN ictimaiyyətin proseslərdə fəal iştirakı üçün kifayət qədər təbliğat işləri aparır. Bu məqsədlə məktəblərdə yaşıllıqların qorunması ilə bağlı videoçarxlar göstərilir, ictimaiyyəti bu proseslərə cəlb etmək üçün onlarla söhbətlər aparılır.

İctimaiyyəti aktivləşdirmək üçün məktəblərdə, universitetlərdə maarifləndirmə üçün xüsusi saatlar ayrılmalı, heç olmasa, həftədə bir dəfə 30-40 dəqiqə ərzində şagird və tələbələrə Azərbaycan meşələri, onların vəziyyəti, yeni yaşıllıqların salınması ilə bağlı məlumatlar verilməlidir.

Azərbaycan məktəblisinin yaşıllığa münasibəti

Təbiətə sevginin erkən yaşlardan təbliğinə gəlincə, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar tərbiyə şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə Azərbaycanda məktəblilər arasında yaşıllıqların qorunmasına marağın getdikcə artdığını deyir: "Bunu daha da artırmaq üçün bir neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə irəli sürülən "Hərəyə bir ağac əkək" kampaniyası geniş təbliğ olunur. Bu kampaniyalarda fəal iştirak edən şagirdlər təbiətin qorunmasına öz töhfəsini verə bilirlər. Ekoloji maarifləndirməni gücləndirmək üçün məktəbdənkənar müəssisələrin mərkəzlərində-dərsdənkənar saatlarda müxtəlif ekoloji dərnəklər də keçirilir. Eyni zamanda, orta məktəblərdə keçirilən "Həyat bilgisi", "Biologiya", "Coğrafiya" fənlərinə də ekoloji biliklər daxil edilib. Bununla yanaşı, məktəblərdə mütəmadi olaraq ETSN, Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkətinin mütəxəssisləri ilə ekoloji mövzulara, o cümlədən yaşıllıqların qorunması və salınmasına həsr olunmuş görüşlər keçirilir".

70-80-ci illərin təcrübəsi qayıtmalıdır

Azərbaycan Ekologiya Standartları Monitorinqi Fondunun prezidenti, biologiya elmləri doktoru, professor Rauf Sultanov deyir ki, iş yerlərində, yaşayış ərazilərində yaşıllıqlara qayğı ilə bağlı təbliğat işləri gücləndirilməlidir: "1970-80-ci illərdə əhali yeni tikilən binalara köçən kimi onun qarşısında yaşıllıq salmağa çalışırdı. Ancaq təəssüf ki, indi əhalinin bu sahəyə meyli çox azalıb. Respublikamızda milli parkların, yasaqlıqların yaradılması və qorunması ilə bağlı möhtəşəm qərarlar qəbul olunub. Həmin ərazilərin sahəsi genişləndirilib, yeniləri müəyyənləşdirilir. Bütün bunlar hamısı hökumətin qərarları əsasında baş verir. Bu, çox böyük önəm daşıyır. Çünki təbii sərvətlərin qorunmasına dövlət vəsaitinin sərf edilməsi qarşıya qoyulan məqsədə çatmaq üçün əsas amildir. Amma dövlət bu sahəyə nə qədər pul xərcləsə də, ictimaiyyət özü bu işdə fəal olmasa, dövlətin apardığı işlərin nəticələri zəif olacaq".

Sultanov hesab edir ki, bu gün meşələrimizin qorunmasında kəndlərin qazlaşdırılması da mühüm rol oynayır: "Bu yaxınlarda Altıağac Milli Parkının rəhbərliyi ilə orada meşələri gəzdik və çox təəccübləndim. Xızı və ətraf ərazilərdəki meşələrdə qoca ağacların budaqları yerə düşür, amma qazlaşdırma olduğu üçün onu insanlar götürmürlər. Halbuki vaxt var idi, odundan yanacaq kimi istifadə edən əhali meşələri gecə-gündüz qırırdı".

Telekanalların sosial reklamlara biganəliyi

Hər biri işin uğurlu nəticəsi üçün təbliğatın gücündən istifadə danılmazdır. Məsələn, yerli icra orqanları və bələdiyyələr ərazilərində iməciliklər keçirə, ağacların qorunmasına yönələn plakatlar yerləşdirə bilərlər. İctimai fikrin formalaşmasında xüsusi rol oynayan telekanallar efirlərində tez-tez ekoloji maarifləndirmə yönümlü verilişlər verə, sosial reklamlar yaya bilərlər. Bu gün ETSN-in böyük zəhmətlər hesabına hazırladığı çoxsaylı videoçarxlara isə qeyri-kommersiya xarakterli olduğundan ekranlarımızda rast gəlinmir. Halbuki kiçik süjet xətti üzərində qurulan və öz baxımlılığı ilə insanları istər-istəməz televiziya qarşısında oturmağa məcbur edən bu reklamlar daha sürətli səmərə verə, meşələrimizin qorunmasına yardım edə bilər.

Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev deyir ki, əslində, sosial reklamların həcminin beşdə bir hissəsi kanallarda ödənişsiz, tam olaraq göstərildikdə isə ödənişli yayımlanmalıdır.

Media üzrə ekspert Ələsgər Məmmədli də ölkədə sosial reklamların verilməsi məsələsində reklam verənlə reklam yayanlar arasında münasibətlərin barmaqarası olduğuna təəssüflənir: "Azərbaycanda telekanallar 1 saatlıq yayımın orta hesabla 15 faizi həcmində reklam yerləşdirə bilərlər. Sosial reklamlar ümumilikdə reklamın 5 faizindən çox ola bilməz. Amma belə reklamlar endirimli qiymətlərlə verilməlidir, onlara kommersiya tarifləri tətbiq edilə bilməz. Həmin reklamlar üçün ödəniş dövlət qurumu tərəfindən tənzimlənə bilər. Milli Televiziya və Radio Şurası da bir qisminin haqqını ödəyərək sosial reklamları yerləşdirə bilər".

Ekspert burada başqa variantı da keçərli sayır: "Məsələn, hansısa reklam qanunvericiliyini pozan televiziyanın üzərinə sosial məsuliyyət yaradan bir reklamın, sənədli filmin efirdə davamlı verilməsi məsuliyyəti qoyula bilər".

Ekoloji məsələləri tək bir nazirlik həll edə bilməz

Ələsgər Məmmədli hesab edir ki, yaşıllıqların salınması və qorunması kimi ekoloji məsələlərin həlli hər hansı qrup və tək nazirliyin üzərinə düşmür. Bu işlə hamı məşğul olmağa borcludur. Məsələn, media daim problemləri qaldırır. Amma rəsmi qurumlar problemlərə diqqətlə yanaşmadıqda, o da məsələdən asta-asta uzaqlaşır: "Nöqsanlarla bağlı verilən məlumatlardan sonra ciddi tədbirlər görülsə, media məsələyə sonralar da daha həssas yanaşa, bununla da maarifləndirmə işini üzərinə daha yaxşı şəkildə götürə bilər".

Məmmədlinin fikrincə, insanların bu proseslərə daha fəal qatılması üçün çəkilən seriallarda ekologiyaya yer ayrılması da səmərə verə bilər.

Bu yazı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Xəbər lenti

Xəbər lenti