...

Həkimlərin Bakı sakinlərinə günvurmadan qorunması üçün tövsiyəsi

Cəmiyyət Materials 27 İyun 2012 12:25 (UTC +04:00)
Azərbaycan paytaxtında günvurma diaqnozu ilə əlaqədar iyunun 5-dən indiyədək 32 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edib.
Həkimlərin Bakı sakinlərinə günvurmadan qorunması üçün tövsiyəsi

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan paytaxtında günvurma diaqnozu ilə əlaqədar iyunun 5-dən indiyədək 32 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edib. Bunu çərşənbə günü Trend-ə stansiyanın baş həkiminin müavini Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, müraciət edənlərin 6-sı uşaq olub. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Ümumilikdə isə gün vuran insanların 11-i xəstəxanaya yerləşdirilib.

Vahidova ötən ilin müvafiq dövrü ilə müqayisədə günvurma ilə müraciət edənlərin sayının azaldığını qeyd edib. O bildirib ki, ötən ilin müvafiq dövründə 50-yə yaxın şəxs günvurma diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib. Onlardan 16-sı xəstəxanaya yerləşdirilmişdi.

Baş həkimin müavini ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il günvurma hadisələrinin sayının azalmasını maarifləndirmə işlərinin aparılması ilə əlaqələndirib. O deyib ki, televiziya ekranlarında və mətbuatda həkimlərin bununla bağlı tez-tez çıxış etməsi günvurma hallarının sayının azalmasına təsir edib.

Vahidova insanlara onu da tövsiyə edib ki, günvurma hallarının baş verməməsi üçün qadınlar açıq havaya çıxanda çətirdən, ağ şlyapadan, kişilər isə ağ kepkadan istifadə etsinlər.

"Çətirdən istifadə etdikdə günvurma halları baş verə bilməz. Bunun üçün çətirin hansı rəngdə olmasının da əhəmiyyəti yoxdur. Amma kepka və şlyapalar mütləq ağ rəngdə olmalıdır. Çünki ağ rəng günəş şüasını özündən uzaqlaşdırır", - o əlavə edib.

Həkim qeyd edib ki, mayın 1-dən indiyədək 26 nəfər ilan sancması diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib. Vahidova bu rəqəmin təxminən elə ötənilki kimi olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti