...

Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən özəl tibb müəssisələrinin sayı açıqlanıb

Cəmiyyət Materials 28 İyun 2012 10:59 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən respublikada tibbi fəaliyyət göstərməsi üçün 400-dən artıq özəl tibb müəssisəsi və stomatoloji kabinetə lisenziya verilib.
Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən özəl tibb müəssisələrinin sayı açıqlanıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən respublikada tibbi fəaliyyət göstərməsi üçün 400-dən artıq özəl tibb müəssisəsi və stomatoloji kabinetə lisenziya verilib. Bunu Trend-ə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, özəl müəssisələrin lisenziyasız fəaliyyət göstərməsi yolverilməzdir.

"Mən deməzdim ki, lisenziyasız fəaliyyət göstərən müəssisələrin sayı çoxdur. Bəzi ucqar yerlərdə lisenziyasız fəaliyyətə rast gəlmək olur. Regionlarda hansısa evdə stomatoloji xidmət göstərilir ki, bu da sözsüz ki, lisenziyasız fəaliyyət sayılır", - nazir müavini əlavə edib.

O, apteklərin lisenziyasız fəaliyyət göstərməsinin qarşısının, demək olar ki, tam alındığını qeyd edib.

Ağayev deyib ki, tibb müəssisələrinin lisenziyasız fəaliyyət göstərməsinə SN ilə yanaşı, vergi orqanları da nəzarət edir. Nazir müavininin sözlərinə görə, özəl tibb müəssisələrinə cərimə sanksiyaları SN tərəfindən tətbiq edilir.

Ağayev onu da qeyd edib ki, ölkədəki özəl müəssisələrin fəaliyyəti üçün hər cür şərait yaradılır.

Nazir müavini bildirib ki, Azərbaycanda özəl müəssisələrin müasir standartlara cavab verməsi üçün hazırlanan xüsusi tələblər var.

"Tibb müəssisələri bu tələblərə cavab verməlidir. Onlar sanitar-gigiyenik normalara cavab verməli, onların fəaliyyəti müəyyən olunmuş standartlar çərçivəsində olmalıdır. Eyni zamanda, onların sahəsi, qapılarının genişliyi, istifadə olunan materialları və s. tələblərə uyğun olmalıdır", - Ağayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti