...

Niderlandda azərbaycanlı qəhrəmanın abidəsi açılıb (FOTO)

Cəmiyyət Materials 28 İyun 2012 18:20 (UTC +04:00)
Niderlandın Osterveyk şəhərində bu ölkənin milli qəhrəmanı Məmməd Məmmədovun abidəsinin təntənəli açılış mərasimi keçirilib.
Niderlandda azərbaycanlı qəhrəmanın abidəsi açılıb (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Z.Qurbanova/

Niderlandın Osterveyk şəhərində bu ölkənin milli qəhrəmanı Məmməd Məmmədovun abidəsinin təntənəli açılış mərasimi keçirilib. Onu Niderlandda həmçinin Medo adlandırırlar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Niderlanddakı səfirliyinin birinci katibi Elxan Ələsgərov bildirib.

Ələsgərov deyib ki, Osterveykdəki küçələrdən birinə Məmməd Məmmədovun adı verilib.

Onun sözlərinə görə, şəhər meriyasının binasında keçirilən mərasimdə Niderland hökumətinin rəsmi şəxsləri, Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Zaqatala rayonunun (Məmməd Məmmədov əslən Zaqataladandır) nümayəndə heyəti, Azərbaycan diasporunun nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.

"Mərasim müqavimət hərəkatında iştirak edən 22 azərbaycanlının taleyi haqqında sənədli filmin təqdimatı ilə başlayıb. Onlar İkinci Dünya müharibəsində Niderlandda əsirlikdə olublar. Məmməd Məmmədov da onların arasında olub", - o vurğulayıb.

Ələsgərovun sözlərinə görə, Məmmədovun abidəsinin açılması İkinci Dünya müharibəsində iştirak edən həmyerlilərin taleyinin öyrənilməsi baxımından Azərbaycan xalqı üçün vacibdir.

"Medonun örnəyi göstərir ki, biz Azərbaycanın Avropa ölkələrində daha yaxşı tanınması üçün əlverişli fon yaradan belə insanların axtarışı sahəsində səylərimizi aktivləşdirməliyik", - o bildirib.

Onun sözlərinə görə, bununla da əsaslı şəkildə, arqument irəli sürərək iddia etmək olar ki, azərbaycanlıların İkinci Dünya müharibəsindəki rolu məlum olandan xeyli çox olub.

Qeyd edək ki, Məmmədov Niderlandın fəxri sakini seçilib. Həmyerlimiz Niderland Kral ailəsinin şərəf qonağı olub, "Oranje Nastau" ordeninə və medallara layiq görülüb.

Abidənin açılış mərasimində, həmçinin Məmməd Məmmədovun qızı Nənəxanım Məmmədova iştirak edib.

Bundan başqa, Osterveyk şəhərinin meriyası və Zaqatala rayon İcra Hakimiyyəti arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti