...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva: Müasir dünyada cəmiyyəti fundamental bilik və bacarığa malik olanlar irəliyə aparır

Cəmiyyət Materials 28 İyun 2012 18:27 (UTC +04:00)
Müasir dünyada cəmiyyəti yalnız fundamental bilik və bacarığa malik olanlar irəliyə aparır. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda keçirilən buraxılış gecəsində məzunlara müraciətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva: Müasir dünyada cəmiyyəti fundamental bilik və bacarığa malik olanlar irəliyə aparır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Müasir dünyada cəmiyyəti yalnız fundamental bilik və bacarığa malik olanlar irəliyə aparır. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda keçirilən buraxılış gecəsində məzunlara müraciətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib. Müraciəti Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva oxuyub.

"Sizi və sizin şəxsinizdə bütün orta məktəb məzunlarını səmimi qəlbdən salamlayır, sizə gələcək təhsilinizdə, bütün işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram. Qarşıda sizi təkcə universitet divarları arasında deyil, həyatda da ciddi sınaqlar, böyük işlər, yeni vəzifələr və yeni uğurlar gözləyir. Siz artıq özünüzə peşə seçmək ərəfəsindəsiniz. Hansı sahəni seçmənizdən asılı olmayaraq, peşəkar olmaq əsasdır. Arzu edirəm ki, həyat yolunuzun ilk mərhələsini müvəffəqiyyətlə başa vurduğunuz kimi, ali məktəbdə təhsil dövrünü də uğurla başa çatdıraraq xalqımız, cəmiyyətimiz, ölkəmiz üçün gərəkli mütəxəssis olasınız", - Mehriban Əliyeva təbrikində bildirib.

Birinci xanım deyib ki, məzunlar artıq qayğısız məktəb illəri ilə vidalaşaraq həyatlarının çox məsuliyyətli dövrünə qədəm qoyurlar.

"Sizin qarşınızda böyük vəzifələr durur: ali təhsil almaq, cəmiyyətdə istədiyiniz və layiq olduğunuz yeri tutmaq. İnanıram ki, bir çoxlarınız aldığınız mükəmməl təhsil sayəsində həm doğma respublikamızın, həm də digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarının tələbələri olacaq, dünyanın hər bir nöqtəsində vətənimizi - Azərbaycanı layiqincə təmsil edəcəksiniz. Hazırda siz uzun və maraqlı bir yolun başlanğıcındasınız. Bu yolda müəyyən çətinliklərlə də üzləşəcəksiniz, müxtəlif maneələrə də rast gələcəksiniz. Buna baxmayaraq, sizin hər biriniz bu yolu müstəqil ölkəmizin yolu kimi qəbul etməlidir, çünki məhz siz bugünkü Azərbaycanımızın gələcəyisiniz. Əminəm ki, siz təhsilinizi ali məktəblərdə davam etdirərək bütün dövrlərdə dövlət müstəqilliyimizin, milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsinə xidmət edəcəksiniz", - Mehriban xanım Əliyeva müraciətində vurğulayıb.

Xəbər lenti

Xəbər lenti