...

Kimyaçılar Milli Ordunun əsgərləri ilə görüşüblər (FOTO)

Cəmiyyət Materials 28 İyun 2012 20:13 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyi kollektivinin böyük bir qrupu 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən tədbirlər silsiləsi çərçivəsində kimyaçıların son illər daim əlaqə saxlayaraq, əlamətdar günlərdə bayram konsertləri və hədiyyələrlə qonaq olduqları "N" saylı hərbi hissəyə yola düşərək, bu əlamətdar günü vətənimizin müdafiəçiləri olan əsgər və zabitlərlə birgə qeyd ediblər.
Kimyaçılar Milli Ordunun əsgərləri ilə görüşüblər (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

"Azərikimya" İstehsalat Birliyi kollektivinin böyük bir qrupu 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən tədbirlər silsiləsi çərçivəsində kimyaçıların son illər daim əlaqə saxlayaraq, əlamətdar günlərdə bayram konsertləri və hədiyyələrlə qonaq olduqları "N" saylı hərbi hissəyə yola düşərək, bu əlamətdar günü vətənimizin müdafiəçiləri olan əsgər və zabitlərlə birgə qeyd ediblər.

Silahlı Qüvvələr Günü ilə bağlı hərbi hissədə təşkil olunmuş bayram tədbirində ilk olaraq alay komandiri çıxış edərək, əsgər və zabitləri bu əlamətdar gün münasibətilə təbrik edib, müdafiə nazirinin əmrinə əsasən, yüksək döyüş hazırlığı nümayiş etdirmiş gənc zabit və çavuşlara təntənəli surətdə növbəti rütbələri təqdim edib.

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə hərbi hissənin şəxsi heyətini kimyaçılar adından salamlayan "Azərikimya" İstehsalat Birliyinin icraçı direktorunun müavini Xalıq Mustafayev dövlətimizin müstəqilliyinin qarantı olan Azərbaycan Milli Ordusunun yaradılmasında ulu öndər Heydər Əliyevin hələ keçmiş sovet dövründən başlayaraq məqsədyönlü şəkildə və ardıcıl olaraq gördüyü tədbirlərdən, ordumuzun gücləndirilməsi üçün misilsiz xidmətlərindən və bu sahədə mühüm missiyanı ölkə Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğı ilə, böyük səylə davam etdirdiyindən söz açıb.

Təbrik və çıxışlardan sonra hərbi hissənin nizamlı cərgələrlə hərbi parada düzülmüş bölük və taborları marş sədaları altında tribuna önündən keçərək, özlərinin yüksək döyüş əzmini, qələbə ruhunu nümayiş etdiriblər.

Təntənəli bayram tədbiri ARDNŞ-bin Sosial İnkişaf İdarəsinin "Kimyaçı" Mədəniyyət sarayı kollektivinin geniş və rəngarəng konsert proqramı ilə başa çatıb.

Ordu ilə xalqın birliyini, həmrəyliyini əks etdirən tədbirin sonunda "Azərikimya" kollektivi adından hərbi hissənin əsgər və zabitlərinə onların asudə vaxtlarında, alaydaxili idman yarışlarında istifadələri üçün müxtəlif idman ləvazimatları hədiyyə edilib.

Hərbi hissə komandanlığı belə bir əlamətdar gündə kimyaçıların onlarla birgə olduqlarına, əsgər və zabitlərin mədəni istirahəti üçün göstərdikləri diqqət və qayğıya görə ARDNŞ rəhbərliyinə və "Azərikimya" kollektivinə səmimi təşəkkürünü, dərin minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti