...

Azərbaycanda ən az və ən çox tələbat duyulan fənn müəllimləri

Cəmiyyət Materials 29 İyun 2012 15:05 (UTC +04:00)
Növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində və peşə liseylərində ən çox coğrafiya, ən az isə rus dili və ədəbiyyatı müəlliminə tələbat var.
Azərbaycanda ən az və ən çox tələbat duyulan fənn müəllimləri

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində və peşə liseylərində ən çox coğrafiya, ən az isə rus dili və ədəbiyyatı müəlliminə tələbat var.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Bakıdakı orta məktəblərdə cəmi 1 alman dili, 4 musiqi və nəğmə, 5 biologiya, 7 kimya müəlliminə ehtiyac var.

Bakıda ən çox fiziki tərbiyə (45 yer), ibtidai sinif (39 yer), ingilis dili (37 yer), informatika (25 yer), riyaziyyat (23 yer) müəllimlərinə tələbat var.

Bakıda rus dili və ədəbiyyatı müəlliminə heç ehtiyac olmasa da, respublikanın rayon və şəhərlərində bu fənn üzrə 4 müəllimə tələbat var. Azərbaycan bölməsində rus dili və ədəbiyyatı müəllimlərinə qəti ehtiyac yoxdur. Ən az ehtiyac duyulan fənn müəllimlərinin siyahısında sonrakı yerləri fransız dili və alman dili müəllimləri tutur. Bakı istisna olmaqla, respublikanın rayon və şəhərlərində bu fənlərin hər biri üzrə cəmi 10 vakant yer var. Fransız dili müəllimləri üçün olan 10 vakant yerin yalnız 1-i rus bölməsi, qalan vakant yerlər isə Azərbaycan bölməsi üzrədir. Alman dili müəllimlərinə rus bölməsində qəti ehtiyac yoxdur. Bu fənn üzrə nəzərdə tutulan vakant yerlərin hamısı Azərbaycan bölməsi üçündür.

Respublikanın rayon və şəhərlərində ən az ehtiyac duyulan fənn müəllimlərinin siyahısında rus dili müəllimləri də var. Bu fənn üzrə təqdim edilmiş 17 vakant yerin hamısı Azərbaycan bölməsi üzrədir. Çox az tələbat duyulan təsviri incəsənət müəllimləri üzrə isə 21 vakant yer təqdim edilib ki, onların da 20-si Azərbaycan, 1-i rus bölməsi üzrədir.

Azərbaycanın rayon və şəhərlərindəki orta məktəblərdə ən çox ehtiyac duyulan müəllimlərə gəldikdə, bunlar coğrafiya (407), kimya (373 yer), biologiya (341 yer), Azərbaycan dili və ədəbiyyatı (326 yer), fizika (281 yer), riyaziyyat (248 yer), tarix (243 yer) müəllimləridir.

Qeyd edək ki, ümumilikdə bu il orta məktəblərdə və peşə liseylərində 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin yalnız 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

İyulun 1-dən təqdim edilmiş bu vakant yerlər üzrə müsabiqədə iştirak etmək istəyənlər üçün elektron ərizə qəbuluna başlanılır.

Xəbər lenti

Xəbər lenti