...

Azərbaycanda KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlandı

Cəmiyyət Materials 29 İyun 2012 19:29 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycanda KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyində 2012-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsinin dayandığını bildirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iyunun 7-dən 27-dək Fonda 30 qəzetin layihə təklifi ilə müraciət etdiyini deyib.

Vüqar Səfərli Fondun ekspertlərinin 2012-ci ilin I yarısında apardıqları monitorinqlərin nəticələrinə əsasən, maliyyə vəsaiti ayrılmış bəzi qəzetlərdə müqavilə şərtlərinin pozulduğunu da Şura üzvlərinin diqqətinə çatdırıb. O, eyni zamanda, bəzi qəzetlərin müsabiqəyə saxta sənədlər təqdim etdiyini və gələcəkdə bununla bağlı qaydaların sərtləşdirilməsi zərurətinin yarandığını bildirib.

Sonra layihə təklifləri Fondun Müşahidə Şurasının müzakirəsinə verilib.

Müzakirələrdə çıxış edən Müşahidə Şurasının üzvləri bundan əvvəlki layihələrin icrasında yol verilən qüsurların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıblar. Şura üzvləri qüsur və çatışmazlıqları aradan qaldırmayan qəzetlərə qarşı sərt sanksiyaların tətbiqi ilə bağlı təkliflər də səsləndiriblər.

Müzakirələrin yekunu olaraq, son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması məqsədəuyğun sayılıb.

Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri Fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 29 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul ediblər.

İclasda Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə bu ilin oktyabr və noyabr aylarında "İctimai nümayişlərdə KİV əməkdaşlarının təhlükəsizliyi" və "Jurnalistlərin hökumətin malik olduğu informasiyaya çıxışı" mövzusunda keçirilməsi nəzərdə tutulan seminarlarla bağlı məsələ də müzakirəyə çıxarılıb. Müzakirələrdə çıxış edən Şura üzvləri adı çəkilən mövzularla əlaqədar seminarların təşkil edilməsini vacib sayıblar. Sonda Fond tərəfindən sözügedən tədbirlərin dəstəklənməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti