...

Əli Həsənov: Medianın problemlərinin həlli Azərbaycan dövləti üçün prioritetdir (FOTO)

Cəmiyyət Materials 30 İyun 2012 17:28 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasında ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçilərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü keçirilib.
Əli Həsənov: Medianın problemlərinin həlli Azərbaycan dövləti üçün prioritetdir (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçilərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü keçirilib. Bu barədə Trend-ə Mətbuat Şurasından məlumat verilib.

Toplantını açan MŞ sədri Əflatun Amaşov görüşün rəhbərlik etdiyi qurumun "Nazir-Redaktor dialoqu" layihəsi çərçivəsində reallaşdırdığı tədbirlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, Şura müxtəlif illərdə dövlət qurumlarının təmsilçiləri ilə belə tədbirlər keçirib. Bugünkü toplantı isə mətbuatın ən mühüm problemlərindən olan yayım məsələlərinə, qəzet satışı ilə bağlı vəziyyətə həsr edilib.

Əli Həsənov Mətbuat Şurasındakı görüşdə məqsədin ölkənin KİV rəhbərlərinin mediamızdakı mövcud problemlərlə bağlı təkliflərini dinləməkdən ibarət olduğunu vurğulayıb.

PA-nın şöbə müdiri Əli Həsənov medianın problemlərinin həllinin Azərbaycan dövləti üçün prioritetliyini bildirərək bugünkü toplantıda səslənən təkliflərin ümumiləşdirilmiş formada müvafiq qurumlara çatdırılacağını deyib. O, metro stansiyalarında qəzet stendlərinin yerləşdirilməsi məsələsinin tez bir zamanda həllinin mümkünlüyünü ifadə edib.

Digər məqamlarla əladəqar söz açan PA rəsmisi bildirib ki, hər bir rayon icra başçısı və ya hansısa bölgəyə məsul şəxs həmin yerin inkişafı məsələsinə müxtəlif cür yanaşır. Bəziləri hesab edirlər ki, qəzet köşkləri ümumi görünüşə xələl gətirir, bəziləri başqa cür düşünürlər. Hər bir halda bu kimi məsələlər müzakirələr yolu ilə həllini tapmalıdır. Haqqında söhbət açılan və "Reklam haqqında" Qanunda dəyişikliyin nəzərdə tutulması ilə əlaqədar təklifə gəlincə, Əli Həsənov da hesab edib ki, dövlət qurumlarının elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəa aradan qaldırıla bilər. O, Mətbuat Şurasının elan və reklamların bölüşdürülməsi ilə bağlı Türkiyə təcrübəsini öyrəndiyini və bununla bağlı məsələlərə Azərbaycan dövlətinin də dəstək verdiyini bildirərək mövcud istiqamətdə ayrıca qurumun formalaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb.

Bütün dünyada qəzetlərin satışdan çox reklamlardan gəlir əldə etdiyindən söhbət açan Həsənovun sözlərinə görə, əgər Azərbaycanın KİV-ləri bu axara düşə bilsələr, onlar üçün məhsullarının satışı o qədər də önəm daşımayacaq. Şöbə müdiri hazırkı dövrdə internet nəşrlərin ənənəvi medianı sıxışdırması ilə bağlı tendensiyanın aktual səciyyə daşıdığından söz açaraq bunu həm də texnoloji hadisə kimi dəyərləndirib. O, ölkə KİV-lərini vəziyyətlə ayaqlaşmağa, daha çox özlərinin internet resurslarını təkmilləşdirməyə çağırıb.

Həsənov Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyev cənablarının hər zaman mətbuatın problemlərinə həssas yanaşdığını deyib. PA rəsmisi özünün də hər zaman medianın üzləşdiyi çətinliklərin həllinə çalışdığını bildirib. O, buna görə də mətbuata gileyini söyləmək haqqına sahibliyini deyib. Bu mənada "Eurovision-2012" zamanı Azərbaycanda siyasi məhbus məsələsini qaldıran bəzi KİV-lərin eyni zamanda Xocalı və Qarabağ həqiqətlərini də tirajlayan məlumatlar verməsinin zəruriliyini vurğulayıb. Bunun müşahidə edilməməsindən təəssüfünü ifadə edib.

Görüşdə müxtəlif KİV-lərin nümayəndələri mövcud problemlərlə bağlı təkliflərini səsləndiriblər.

Görüşün sonunda belə qərara gəlinib ki, Mətbuat Şurası səslənən təklifləri ümumiləşdirsin və KİV təmsilçiləri adından dövlət rəhbərliyinə müvafiq müraciət ünvanlansın.

Xəbər lenti

Xəbər lenti