...

Türkiyədə Azərbaycan diaspor təşkilatları rəhbərlərinin bir sıra görüşləri keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2012 20:05 (UTC +04:00)
Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin görüşü keçirilib
Türkiyədə Azərbaycan diaspor təşkilatları rəhbərlərinin bir sıra görüşləri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E.Mehdiyev/

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forum çərçivəsində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşü keçirilib.

Üç saata yaxın davam edən görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyəti, təşkilatın gələcək planları, habelə regional bölmələr arasındakı əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) regional təşkilatlarının rəhbərləri onları narahat edən məsələlər barədə məlumat verib, təşkilatın cari il iyulun 7-də keçirilmiş hesabat-seçki konfransı barədə fikirlərini bildiriblər.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov UAK-ın böyük bir təşkilat olduğunu bildirərək, qurumun bu ölkədə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin yaradılmasında mühüm rol oynadığını deyib. Həsənov qeyd edib ki, UAK-da Ukraynada fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatlarının təmsil olunması konqresin gücünü və təsir imkanlarını artırar.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov UAK-ın Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği, soydaşlarımızın cəmiyyətə inteqrasiyası sahəsində bir sıra uğurlu layihələr həyata keçirdiyini qeyd edərək, bu təşkilatı daha da gücləndirməyə ehtiyac duyulduğunu vurğulayıb. O, Diasporla İş üzrə Dövlət Komitəsinin UAK-ın daha güclü, nüfuzlu bir təşkilata çevrilməsi üçün bütün zəruri dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Əli Həsənov və Nazim İbrahimov görüşdə qaldırılan məsələlərlə bağlı diaspor təşkilatları rəhbərlərinə öz tövsiyələrini çatdırıblar.

Forum çərçivəsində, həmçinin azərbaycanlı gənclərin görüşü keçirilib. Görüşdə xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, diaspor və lobbi quruculuğu sahəsində qarşılaşdığı problemlər və onların həlli yollarına dair müzakirələr aparılıb.

Görüşdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib, təşkilat üzvlərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə çalışdığını diqqətə çatdırıb.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Emin Hacıyev "Xocalıya Ədalət" kampaniyası kimi önəmli layihələrə bütün gənc diaspor təşkilatlarının qoşulmasını və bu təcrübədən yararlanaraq digər kampaniyalar başlatmağı təklif edib.

O qeyd edib ki, silsilə tədbirlərin təşkili bütün diaspor təşkilatlarının sıx əməkdaşlıq etməsinə və bu işdə bir-birinə dəstək olmasına xidmət edərdi.

Müzakirələr zamanı 2013-cü ildə Dünya Azərbaycanlı Gənc Alimlərin Forumunun təşkili ideyası səslənib. Xaricdə elmi araşdırma aparan gənclərin tədqiqat mövzularını seçərkən Azərbaycanla bağlı paralellər aparması zərurətinin olduğunu vurğulayan gənclər, növbəti il ərzində xaricdə təhsil alan aparıcı elm ocaqlarının jurnalistika fakültəsinin əcnəbi və azrbaycanlı gənc tələbələri üçün "Azərbaycanı kəşf et" şüarı altında səfərlərin təşkil edilməsi təklifini irəli sürüblər.

Bundan əlavə, forum çərçivəsində II və III panel iclasları keçirilib.

"Xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi sahəsində qarşıda duran problemlər və onların həlli yolları" II panel iclasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov iştirak edib.

İbrahimov iclası açaraq bildirib ki, dünyanın bir çox ölkələrində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. "Bizim diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Lakin diasporun gücünü, potensialını təsdiq edən əsas amillərdən biri onun ictimai-siyasi həyata təsir imkanları ilə ölçülür. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatına da fəal inteqrasiya etməlidir", - İbrahimov deyib.

İbrahimov paneldə azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələrin, mövcud olan problemlərin müzakirə ediləcəyini bildirib.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova çıxışında panelin mövzusunun çox mühüm və aktual olduğunu qeyd edib. O, xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi həyata inteqasiyasının milli-mənəvi dəyərlərin qorunması kontekstində reallaşdırılmasının daha düzgün yol olduğunu vurğulayıb.

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov azərbaycanlı gənclərin yaşadıqları ölkələrdə xalqımızı layiqincə təmsil etdiyini bildirib.

"Bu gün azərbaycanlı gənclər dünyanın 275 ölkəsində təhsil alır. Onların hər biri həm də təmsil etdiyi dövlətin, xalqın maraqlarını müdafiə edir", - Məmmədov deyib.

O, xarici ölkələrin kütləvi informasiya vasitələri, ictimai-siyasi dairələri ilə əlaqələr qurulmasının vacibliyini bildirib.

Azərbaycan İsveç Federasiyasının sədri Səttar Sevgin çıxışında deyib ki, azərbaycanlılar cəmiyyətə inteqrasiya etməklə dilini və milli kimliyini də qorumalıdır. O, cəmiyyətə inteqrasiyanın ən vacib şərtinin yaxşı vətəndaş kimi özünü təsdiqləmək olduğunu vurğulayıb.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri isə çıxışında Baltik ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları adından çıxış edib. O, Baltik ölkələrinin birində xaricdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası mövzusunda geniş forum keçirilməsi barədə təklifi diqqətə çatdırıb.

Sonra "Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrin ictimai-siyasi dairələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi" adlanan III panel öz işinə başlayıb.

İbrahimov bildirib ki, Dünya Azərbaycanlılarının III Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrindən biri xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda fəal iştirakı ilə bağlı idi.

"İndi bir çox ölkələrdə Azərbaycan diaspor təşkilatlarının potensialı ictimai-siyasi proseslərə fəal şəkildə qoşulmağa imkan verir. Lakin bunun konkret mexanizmlərini müəyyənləşdirmək lazımdır. Biz hansı ölkədə hansı metodlardan, texnologiyalardan istifadə etməliyik ki, ictimai-siyasi proseslərə qoşula bilək", - deyən Dövlət Komitəsinin sədri azərbaycanlıların yaşadıqları ölkələrin parlamentlərində, dövlət və hökumət strukturlarında təmsil olunmasının, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq münasibətləri qurmasının zəruriliyini vurğulayıb.

O qeyd edib ki, bu istiqamətdə görüləcək işlər kifayət qədər çoxdur, qarşımızda çox mühüm vəzifələr dayanır.

"Ona görə də bu toplantı bizim hər birimiz üçün, bütövlükdə Azərbaycan diasporu üçün vacib əhəmiyyətə malikdir", - deyə İbrahimov toplantı iştirakçılarından müzakirələrdə fəal iştirak etməyi xahiş edib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Türkiyədə dövlət və hökumət orqanları ilə əlaqələrin inkişafı sahəsində keçirdiyi layihələrin əhəmiyyəti barədə də danışıb.

Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru Adil Bağırov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, USAN ötən dövrdə ABŞ-ın ictimai-siyasi dairələri, dövlət və hökumət orqanları, KİV və QHT-lərə 350 mindən çox məktub göndərib.

O, təşkilatın səyləri nəticəsində ABŞ mətbuatında Azərbaycan haqqında 250-dən çox məqalənin dərc olunduğunu deyib.

Bağırov 20 Yanvar, Xocalı və 31 Mart soyqırımının tanınması ilə bağlı qərarların qəbul edilməsinə nail olduğunu bildirib. O, USAN-ın yeni və çox güclü bir layihəni həyata keçirməyi planlaşdırdığını deyib.

"Biz Qlobal Azərbaycan Şəbəkəsi yaratmagı planlaşdırırıq və bütün diaspor təşkilatlarını bu layihədə fəal iştirak etməyə dəvət edirik", - Bağırov deyib.

ÜAK-ın Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov ötən müddətdə təşkilatın dövlət və hökumət orqanları ilə əlaqələri, azərbaycanlıların cəmiyyətə inteqrasiyası, mədəni irsimizin təbliği, cəmiyyətə inteqrasiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. O, siyasi dairələrlə əlaqələrin qurulmasının ÜAK-ın regional təşkilatı üçün prioritet təşkil etdiyini vurğulayıb.

Hüseynov xaricdə yaşayan azərbaycanlı iş adamları arasında işgüzar əlaqələrin qurulmasını təklif edib. Regional bölmənin sədri növbəti Rusiya-Azərbaycan iqtisadi forumunun Ulyanovskada keçirilməsi təklifi ilə də çıxış edib.

Ukrayna Azərbaycanlıları Konqresinin Məclis sədri Akif Gülməmmədov isə çıxışında diaspor təşkilatların rəhbərliyində qadınların daha çox təmsil olunmasının zəruriliyini bildirib. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə qeydiyyatı ilə bağlı problemlərin mövcud olduğunu qeyd edib. O, diaspor təşkilatlarının bəzən kütləvi informasiya vasitələrində yoxlanılmamış informasiyaların verilməsindən narahatlığını da dilə gətirib.

Panel iclasına yekun vuran İbrahimov müzakirələrin Azərbaycan diasporunun ictimai-siyasi fəallıq səviyyəsinin artırılmasına, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib.

Həmçinin, forum çərçivəsində Ümumrusiya Azərbaycan Konqresi regional təşkilatları rəhbərlərinin görüşü keçirilib.

Görüşdə Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov, Mərkəzi Şurasının üzvü professor Tofiq Məlikov, Moskva regional təşkilatının sədri İlqar Hacıyev, ÜAK baş katibinin müavini Nemət Nağdəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Rizvan Əliyev iştirak edib.

Görüşdə ÜAK-ın fəaliyyətinin gücləndirilməsi, regional təşkilatların fəaliyyətinin daha yaxşı koordinasiya olunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Regional təşkilatların rəhbərləri onları narahat edən problemlər haqqında məlumat veriblər. Qeyd olunub ki, ÜAK-ın mərkəzi ofisi ilə regional təşkilatlar arasında daha intensiv və mütəmadi məsləhətləşmələr aparılmalı, təcrübə mübadiləsi genişləndirilməlidir.

Görüşdə Rusiyada yaşayan azərbaycanlı miqrantların qarşılaşdığı problemlər haqqında məsələlər də müzakirə olunub.

Görüşdə çıxış edənlər regional təşkilatların rəhbərləri arasında operativ məsləhətləşmələrin aparılması üçün internet konfransların təşkilinin zəruriliyini vurğulayıblar.

Bundan başqa, Mərkəzi Şura iclaslarının daha açıq müzakirələr şəklində keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi, soydaşlarımızn hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, mədəni irsimizin təbliği, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsi ilə bağlı da təkliflər irəli sürülüb.

Bundan əlavə, forum çərçivəsində Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin görüşü olub.

Görüşdə AAK-ın gələcək fəaliyyəti ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AAK-a üzv təşkilatların rəhbərləri Avropa ölkələrində Azərbaycan həqiqətlərinin təbliği, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması sahəsində problemləri müzakirə ediblər.

Görüşdə Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması sahəsində vəziyyətlə bağlı diaspor nümayəndələri öz fikirlərini bildiriblər.

Qeyd olunub ki, ötən müddətdə Azərbaycan diaspor təşkilatları bir sıra uğurlu layihələr həyata keçirsə də, onların fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac duyulur. AAK üzvləri müasir metodlar əsasında Azərbaycanın Avropada daha yaxından tanıdılmasına xidmət edən təbliğat kampaniyalarının təşkilinin məqsədəuyğun olduğunu vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti