...

Toyuq əti alarkən ehtiyatlı olun, aldadıla bilərsiniz (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2012 09:49 (UTC +04:00)
Bakının Hövsan qəsəbəsində toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib.
Toyuq əti alarkən ehtiyatlı olun, aldadıla bilərsiniz (FOTO)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Bakının Hövsan qəsəbəsində toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat daxil olub.

Daxil olmuş məlumata əsasən avqustun 6-da Xidmətin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Hövsankənd ərazisindəki Məktəbli küçəsi, 16 və Məktəbli küçəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və Köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparılıb. Həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib. Bununla da istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu olması fikri yaradılıb və istehlakçı hüquqları kobud şəkildə pozulub. Məhsullardan və boyaq maddəsindən nümunələr götürülüb, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı rayon prokurorluğuna müraciət edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti