...

Azərbaycanda doktoranturaya qəbul olmaq istəyənlər dövlət dilindən imtahan verə bilərlər

Cəmiyyət Materials 23 Avqust 2012 14:08 (UTC +04:00)
Azərbaycanda ali təhsilin ən yüksək pilləsi olan doktoranturaya qəbul zamanı dövlət dilindən də imtahanın verilməsi təklif edilir.
Azərbaycanda doktoranturaya qəbul olmaq istəyənlər dövlət dilindən imtahan verə bilərlər

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali təhsilin ən yüksək pilləsi olan doktoranturaya qəbul zamanı dövlət dilindən də imtahanın verilməsi təklif edilir. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib.

Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsində nəzərdə tutulur.

Hüseynova deyib ki, hazırda doktoranturaya qəbul olmaq istəyənlər fəlsəfə, xarici dil və ixtisas fənnindən imtahan verirlər.

Şöbə müdiri bildirib ki, doktoranturaya bütün ixtisaslar üzrə Azərbaycan dilindən imtahanın keçirilməsi təklif edilir.

Nazirlik rəsmisi yalnız gələn ildən doktoranturaya qəbul imtahanı zamanı Azərbaycan dilindən də imtahanın verilməsinin mümkün ola biləcəyini deyib.

"Bu il bunu etmək olmaz. Çünki dövlət proqramı qəbul olunana kimi doktoranturaya qəbul imtahanları keçiriləcək. Nəzərə alınmalıdır ki, imtahandan əvvəl proqram hazırlanmalı, imtahan verənlər bu fənn üzrə imtahanın keçiriləcəyini əvvəlcədən bilməlidirlər. Ona görə də imtahanın keçirilməsi üçün vaxt verilməlidir. Doktoranturaya qəbul imtahanı zamanı Azərbaycan dilindən imtahanın verilməsi yalnız proqram layihəsinin qəbulundan sonra mümkün ola bilər. Proqram bu ilin sonuna kimi qəbul olunsa, gələn ildən doktoranturaya qəbul imtahanı zamanı Azərbaycan dilindən də imtahan verilə bilər", - Hüseynova əlavə edib.

O qeyd edib ki, bu il doktorantura səviyyəsi üzrə kredit sisteminin tətbiqi olunmasına da çalışırlar. Amma bu sistemin tətbiqi hazırda Nazirlər Kabinetində müzakirə olunan "Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı"nın layihəsinin təsdiqlənməsindən asılıdır. Bu sənəd təsdiqləndikdən sonra onun əsasında doktorantura təhsilinin standartları və kredit sisteminin tətbiqi işlənmə mexanizmlərini özündə əks etdirən ayrıca əsasnamənin qəbulu planlaşdırılır. Hazırda yeni əsasnamənin hazırlanması üzərində iş aparılır.

Xəbər lenti

Xəbər lenti