...

Azərbaycanda təhsil işçilərinin konfransları keçiriləcək

Cəmiyyət Materials 24 Avqust 2012 10:54 (UTC +04:00)
2012-2013-cü dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və mövcud problemlərin həllinə yönəlmiş təkliflər hazırlamaq məqsədilə 3-13 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçiriləcək.
Azərbaycanda təhsil işçilərinin konfransları keçiriləcək

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İsabalayeva/

2012-2013-cü dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və mövcud problemlərin həllinə yönəlmiş təkliflər hazırlamaq məqsədilə 3-13 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçiriləcək.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Misir Mərdanov əmr imzalayıb.

Əmrə əsasən, konfranslar plenar və bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Konfransların plenar iclaslarında "2011-2012-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə ediləcək.

Əmrdə o da qeyd edilir ki, 2012-2013-cü dərs ili ərəfəsində ümumtəhsil məktəblərinin V siniflərində yeni fənn proqramları (kurikulumları) ilə tədrisə başlayacaq 35 min nəfərədək fənn müəlliminin nəzəri və praktik hazırlığının təkmilləşdirilməsi istiqamətində qeyri-hökumət təşkilatları cəlb olunmaqla 60 saatlıq proqram əsasında 10 günlük öyrədici təlim kursları keçirilib. Bu tədbirə 500-dən artıq xüsusi hazırlanmış təlimçi - mütəxəssis cəlb edilib.

Yeni dərs ili ərəfəsində ölkənin ümumtəhsil məktəbləri üçün 186 adda 3.998.300 nüsxə dərslik və metodik vəsait çap edilib, bütün növdən olan ümumi təhsil müəssisələrinin tədris planları hazırlanıb təsdiq olunub. Bununla yanaşı, orta məktəb və peşə liseylərindəki 3270 vakant yerin böyük əksəriyyətinə müəllim kadrları göndərilib.

Xəbər lenti

Xəbər lenti