...

Zakir Qaralov: "Binə" Ticarət Mərkəzində zəhərlənmə havalandırma sisteminin olmaması səbəbindən baş verib

Cəmiyyət Materials 1 Oktyabr 2012 11:22 (UTC +04:00)
"Binə" Ticarət Mərkəzində ötən ay elektrik təminatının pozulması nəticəsində baş vermiş zəhərlənməyə səbəb ticarət obyektində 45 generatorun işləməsi və havalandırma sisteminin olmamasıdır.
Zakir Qaralov: "Binə" Ticarət Mərkəzində zəhərlənmə havalandırma sisteminin olmaması səbəbindən baş verib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

"Binə" Ticarət Mərkəzində ötən ay elektrik təminatının pozulması nəticəsində baş vermiş zəhərlənməyə səbəb ticarət obyektində 45 generatorun işləməsi və havalandırma sisteminin olmamasıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Baş prokurur Zakir Qaralov "Binə" Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar açılmış cinayət işinin istintaqı ilə bağlı danışarkən deyib.

Baş prokuror bildirib ki, hadisəyə ticarət mərkəzində müəyyən müddət ərzində elektrik təminatının olmaması və elektrik sistemindəki problemlər səbəb olub.

"Bakıelektrikşəbəkə" ASC tərəfindən prokurorluğa təqdim edilmiş sənəddə elektrik təchizatının pozulmasına səbəb kimi "Binə" Ticarət Mərkəzinin elektrik sistemində olan problemlər göstərilir. Buna baxmayaraq, "Binə" Ticarət Mərkəzindən 45-ə yaxın generator götürülüb və məlum olub ki, dəm qazı həmin generatorların işləməsi nəticəsində əmələ gəlib", - Qaralov deyib.

Onun sözlərinə görə, təyin olunmuş ekspertizalar qarşısında havalandırma sisteminin lazımi səviyyədə olub-olmaması sualı qoyulub.

"Müxtəlif ekspertizalar keçiriləndən sonra qəti qərar qəbul olunacaq", - Baş prokuror deyib.

Qaralovun sözlərinə görə, zəhərlənmə nəticəsində 164 nəfər müalicə mərkəzlərinə müraciət edib və onlara tibbi yardım göstəriləndən sonra buraxılıblar.

Qeyd edək ki, sentyabrın 16-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Araz Avia" (Binə) Ticarət Mərkəzində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji təmini məqsədilə istifadələrində olan generator qurğuları işə salınıb. Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilib.

Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti