...

Azərbaycanda yeni medal təsis olundu

Cəmiyyət Materials 1 Oktyabr 2012 16:26 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclis bazar ertəsi keçirilən iclasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı yeni qanun qəbul edib.
Azərbaycanda yeni medal təsis olundu

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yeni medal təsis olunub.

Trend-in məlumatına görə, Milli Məclis bazar ertəsi keçirilən iclasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı yeni qanun qəbul edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsini təqdim edərək bildirib ki, bu medalla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştirakına görə, dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Bu medal döşün sol tərəfinə, Azərbaycan respublikasının digər orden və medalları olduqda, "Tərəqqi" medalından sonra taxılır.

Yubiley medalı ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsində "20 il" sözləri həkk olunub.

Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunub.

Medalda çevrə boyunca "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" sözləri yazılıb.

Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızıl rəngli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" sözləri, aşağı hissədə "1991-2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunub.

Xəbər lenti

Xəbər lenti