...

Azərbaycanın ən bacarıqlı kadrlarının məlumat bazası yaradılır

Cəmiyyət Materials 4 Oktyabr 2012 12:08 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov Trend-ə deyib ki, gələcəkdə dövlət qurumlarında daha yüksək vəzifələr üçün ehtiyat kadr seçimi zamanı bu bankdan istifadə olunacaq. Baza hazır olduqdan sonra artıq qurumların peşəkar kadr axtarmasına ehtiyac olmayacaq.
Azərbaycanın ən bacarıqlı kadrlarının məlumat bazası yaradılır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda təhsil, elm, mədəniyyət, idarəetmə sahəsi üzrə ən yaxşı gənc kadrlar haqqında məlumat bankı yaradılır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov Trend-ə deyib ki, gələcəkdə dövlət qurumlarında daha yüksək vəzifələr üçün ehtiyat kadr seçimi zamanı bu bankdan istifadə olunacaq. Baza hazır olduqdan sonra artıq qurumların peşəkar kadr axtarmasına ehtiyac olmayacaq.

"Dövlət orqanlarında daha yüksək vəzifələr üçün peşəkar kadr lazım olduqda bu bazadan istifadə etməklə qısa müddət ərzində namizəd haqqında məlumatları toplamaq və onu irəliyə çəkmək mümkün olacaq. Hazırda Azərbaycanda bu prosesə ehtiyac var", - AMEA rəsmisi deyib.

Orucov deyib ki, məlumat bankının yaradılması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında nəzərdə tutulur. Artıq Azərbaycanın Baş naziri Artur Rasizadə həmin bankın əsasnaməsini təsdiqləyib.

Artıq müvafiq dövlət qurumları məlumat bankına daxil ediləcək namizədlər barədə məlumatları toplamağa başlayıb. Həmin məlumatlar dekabrın 1-dək toplanılaraq müvafiq qurumlara təqdim edilməlidir. Müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət olacaq Ekspertlər Şurası təqdim olunmuş namizədlərin bir daha seçimini aparacaq. Yalnız seçilmiş namizədlərin adları banka daxil olacaq.

Banka daxil olacaq namizədin yaş həddi 29-u keçməməli, Azərbaycan vətəndaşı, ali təhsilli olmalı, Azərbaycanın dövlət dilini və ən azı, iki xarici dil bilməli, ixtisası və idarəetmə sahəsi üzrə azı, iki illik təcrübəsi, işə təşəbbüskarlığı, strateji planlaşdırma, yüksək peşəkarlıq bacarığı, yüksək fərdi hazırlıq səviyyəsi, kollektivdə işləmək bacarığı olmalıdır. Seçilən namizədlər 35 yaşadək həmin məlumat bankının aktiv siyahısında saxlanılacaqlar. Yeni namizədlər haqqında məlumatlar ildə bir dəfə məlumat bankının administratoruna təqdim ediləcək. Baza Gənclər və İdman Nazirliyi tərəfindən idarə olunacaq.

Xəbər lenti

Xəbər lenti