...

Rabitə Nazirliyi elektron hökumət portalına çıxışı sadələşdirir

Cəmiyyət Materials 5 Oktyabr 2012 17:43 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) vətəndaşların "Elektron hökumət" portalına çıxışını sadələşdirən sistem işləyib hazırlayıb.
Rabitə Nazirliyi elektron hökumət portalına çıxışı sadələşdirir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) vətəndaşların "Elektron hökumət" portalına çıxışını sadələşdirən sistem işləyib hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin məlumatında deyilir.

Qurumun məlumatına görə, portaldan istifadə etmək istəyən vətəndaş əvvəllər ona kod və parolun verilməsi üçün müvafiq qurumlara ərizə ilə müraciət etməli idi. Bu da növbələrə və vaxt itkisinə səbəb olurdu.

Yeni sistem identifikasiya olunmuş məlumatları əldə etmək üçün elektron dövriyyə sistemini nəzərdə tutur.

Əvvəllər kod və parolun verilməsi üçün yalnız şəxsiyyət vəsiqəsində yer alan məlumatlar yetərli və əsas sayılırdısa, indi bu prosesdə vacib sənəd olan şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümumvətəndaşlıq pasportu (xarici pasport), sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin birinin olması da mütləqdir.

Bu sənədlər elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini yoxlamaq üçün dəqiqləşdirmə aparılmasına, bu məlumatların sistem tərəfindən yoxlanmasına - identifikasiya edilməsinə yaranan ehtiyacı aradan qaldıracaq. Bundan sonra identifikasiya vasitəsi olaraq, sadalanan sənədlərdən birinin məlumatları ilə şəxsiyyət vəsiqəsindəki məlumatların tutuşdurulması təmin ediləcək, eyniliyi yoxlanılacaq.

Yenilik "Elektron hökumət" portalı istifadəçilərinin əhatə dairəsini xeyli genişləndirəcək.

Xəbər lenti

Xəbər lenti