...

Tikinti şirkətinin 90 mənzili 300-ə yaxın şəxsə satan dələduz vəzifəli şəxslərinin işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 15 Oktyabr 2012 11:18 (UTC +04:00)
Daha bir tikinti şirkətinin dələduzluqda ittiham olunan vəzifəli şəxsləri barəsində iş məhkəməyə göndərilib.
Tikinti şirkətinin 90 mənzili 300-ə yaxın şəxsə satan dələduz vəzifəli şəxslərinin işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daha bir tikinti şirkətinin dələduzluqda ittiham olunan vəzifəli şəxsləri barəsində iş məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində "Kamran B.Ə." Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin cəmiyyətin payçılarının vəsaiti hesabına inşa edilmiş çoxmərtəbəli binada mənzilləri aldatma yolu ilə 291 şəxsə təkrarən satmaqla külli miqdarda özgə əmlakını ələ keçirmələri faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Müəyyən edilmişdir ki, cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və "İnşaat-E" MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Yasamal rayonu ərazisində tikilən çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilmiş 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talamışlar.

Bundan başqa "Kamran B.Ə." MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ələkbər Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməmiş, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən "Şaiq" MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunmuşdur. Bundan başqa zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilmiş, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur.

İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş Ələkbər Babayevə, German Hüseynova və Rüfət Nağıyevə Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyevə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyevə isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrində nəzərdə tutulan ittihamlar elan edilmişdir.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti