...

Bakı yol polisinin tərkibi yenilənir

Cəmiyyət Materials 17 Oktyabr 2012 17:28 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bakı yol polisinin tərkibi yenilənir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

İdarənin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, müsabiqədə yalnız hüquq və avtomobil nəqliyyatına aid ixtisaslar üzrə ali və orta ixtisas təhsilinə, sürücülük vəsiqəsinə, kompüter texnologiyaları sahəsində müvafiq biliyə malik, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini başa vurmuş Azərbaycan vətəndaşları iştirak edə bilər.

Boyu 175-dən aşağı, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verənlər müsabiqədə iştirak edə bilər.

Müraciət edənlər şəxsiyyət vəsiqəsi, orta ixtisas və ya ali təhsil haqqında diplom, hərbi bilet, əmək kitabçası və sürücülük vəsiqəsini təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlər əsasında vətəndaşın müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Namizədlər yol hərəkəti qaydaları üzrə və kompüter biliklərinin yoxlanılmasına cəlb olunacaqlar.

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.

Fiziki hazırlıq səviyyəsinin minimal normativləri:

Qaçış: 100 metr - 15 saniyə, 1000 metr - 4 dəqiqə; turnikdə dartınma - 6 dəfə.

Müsabiqədə iştirak etmək istəyənlərin sənədləri İdarənin inzibati binasında oktyabrın 10-dan noyabrın 10-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul olunur.

Əlaqə telefonu: 012 510 72 90

Məqalədə:
Xəbər lenti

Xəbər lenti