...

Azərbaycanda “Böyük Qayıdış” proqramı hazırlanacaq

Cəmiyyət Materials 13 Dekabr 2012 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda natamam, aztəminatlı, çoxuşaqlı, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürmüş ailələrə əlavə dəstək mexanizmləri yaradılacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" layihəsində qeyd olunub.

Konsepsiyada nəzərdə tutulur ki, himayədar qayğı sisteminin genişləndirilməsi istiqamətində zəruri işlər həyata keçiriləcək. Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası üzrə reabilitasiya mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün bölgələrdə icma əsaslı reabilitasiya şəbəkəsi genişləndiriləcək.

2020-ci ilə qədər əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və sosial infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr hazırlanacaq və həyata keçiriləcək.

Habelə həmin şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə sosial və peşə reabilitasiya müəssisələrinin sayı artırılacaq.

Əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarından faydalanmaq, onların kommunikasiya sistemləri vasitəsilə informasiya əldə etmək imkanlarının genişləndirilməsi də nəzərdə tutulur.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sıx məskunlaşdığı məkanlarda sosial infrastrukturun təkmilləşdirilməsi, həmçinin məşğulluğun artırılması məqsədi ilə yeni iş yerlərinin yaradılması, mikrokreditlərin verilməsi, məcburi köçkün gənclərin dəstəklənməsi, peşə təlimi və s. kimi tədbirlərlə yanaşı, icmaların inkişafı, təhsil, səhiyyə proqramlarının genişləndirilməsi, yararsız binalarda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələri üçün yeni binaların tikintisi və müvafiq avadanlıqlarla təchiz edilməsi həyata keçiriləcək.

Beynəlxalq maliyyə qurumları, BMT-nin agentlikləri, xüsusən BMT-nin QAK-la və digər beynəlxalq humanitar yardım təşkilatları ilə birlikdə Böyük Repatriasiya ("Böyük Qayıdış") proqramı hazırlanacaq və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində böhran vəziyyətlərində fövqəladə halların xəbərdar və idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

Həmçinin bu sahədə idarəetmənin avtomatlaşdırılması və informasiya texnologiyalarının tətbiqi, mülki müdafiə, yanğın təhlükəsizliyi və xilasetmə işinin yüksək səviyyədə həyata keçirilməsi, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması və fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti