...

Azərbaycanda cəzalandırılmış dövlət qulluqçuları ilə bağlı hesabat açıqlandı

Cəmiyyət Materials 5 Fevral 2013 18:13 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2012-ci il üzrə hesabatını açıqlayıb.
Azərbaycanda cəzalandırılmış dövlət qulluqçuları ilə bağlı hesabat açıqlandı

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2012-ci il üzrə hesabatını açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə veriən məlumata görə, hesabat dövrü ərzində etik davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən Komissiyaya daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Ümumilikdə hesabat dövründə Komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı 23 müraciət daxil olub və bu müraciətlərdən 11-i aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət orqanlarına göndərilib.

Daxil olan müraciətlərdən 7-nin əsassız olduğu müəyyən olunub. Bu müraciətlərdən 5-i Komissiyanın "Qaynar xətti"nə daxil olmuş müraciətlərdir. Daxil olan müraciətlərdən 2-si ilə bağlı müvafiq dövlət orqanına sorğu göndərilib və hazırda həmin müraciətlər üzrə araşdırma aparılır.

Ümumilikdə etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş 3 müraciət müsbət həll edilib. Belə ki, həmin müraciətlərin baxılması nəticəsində etik davranış qaydalarına dair qanunvericiliyin tələblərinin pozulması ilə qarşılaşmış şəxslər müvafiq dövlət orqanlarına dəvət edilib, vəzifəli şəxslər tərəfindən dinlənilib və müraciətlərində qaldırdıqları məsələlər üzrə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Daxil olan müraciətlərin çox hissəsi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci (insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) və 9-cu (mədəni davranış) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

Ümumilikdə hesabat dövründə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərini pozan 339 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 263-ü mərkəzi icra hakimiyyəti orqanlarında, 76-sı isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 339 intizam tənbeh tədbirindən 279-u töhmət, 31-i dövlət qulluğundan azad edilmə, 15-i vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması növündə olub. Təhsil Nazirliyində tətbiq edilmiş 8 intizam tənbeh tədbirinin növü barədə məlumat verilməyib.

Mərkəzi və yerli icra hakimiyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin araşdırılması zamanı məlum olubr ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü (vicdanlı davranış) maddəsi üzrə 22, 5-ci (peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsi üzrə 67, 9-cu (mədəni davranış) maddəsi üzrə 32, 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsi üzrə 138, 13-cü (korrupsiyanın qarşısının alınması) maddəsi üzrə 4, 17-ci (məlumatlardan istifadə) maddəsi üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 75 intizam tənbeh tədbirinin tətbiq olunması barədə məlumat verilib, lakin "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun hansı maddəsinin tələbinin pozulması barədə məlumat verilməyib.

Ümumilikdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirləri əsasən "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü (vicdanlı davranış), 5-ci (peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 9-cu (mədəni davranış), 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 263 intizam tənbeh tədbirinin araşdırılması zamanı müəyyən olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 75, Maliyyə Nazirliyi üzrə 49, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 38, Dövlət Sosial Müdafiə Fondu üzrə 29, İqtisadi İnkişaf Nazirliyi üzrə 27, Dövlət Statistika Komitəsi üzrə 13, Təhsil Nazirliyi üzrə 8, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə 6, Sənaye və Energetika Nazirliyi üzrə 3, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 3, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 2, Diasporla İş üzrə Dövlət Komitəsi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 2, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti üzrə 2, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə 1, Nəqliyyat Nazirliyi üzrə 1, Müəllif Hüquqları Agentliyi üzrə 1, Milli Arxiv İdarəsi üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Tətbiq edilmiş 263 intizam tənbeh tədbirindən 217-si töhmət, 17-si dövlət qulluğundan azad edilmə, 15-i vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması növündə olub. Təhsil Nazirliyi tərəfindən tətbiq edilmiş 8 intizam tənbeh tədbirinin növü barədə məlumat verilməyib.

Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən etik davranış məsələləri üzrə illik hesabatlar Komissiyaya təqdim edilməyib.

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 76 intizam tənbeh tədbirinin araşdırılması zamanı müəyyən olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti üzrə 25, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 13, Masallı Rayon İcra Hakimiyyəti üzrə 8, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 8, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 7, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 4, Salyan Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 2,Tərtər Rayon İcra hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş 76 intizam tənbeh tədbirindən 62-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə növündə olub.

Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin araşdırılması zamanı məlum olub ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü (vicdanlı davranış) maddəsi üzrə 12, 5-ci (peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsi üzrə 11, 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsi üzrə 49, 13-cü (korrupsiyanın qarşısının alınması) maddəsi üzrə 4 intizam tənbeh tədbiri tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti