...

Ədliyyə Nazirliyi bələdiyyələrin aktual problemləri ilə bağlı seminar keçirib

Cəmiyyət Materials 7 Fevral 2013 18:37 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə ölkəmizin ali qanunvericilik və icra hakimiyyəti orqanları nümayəndələrinin, şəhər və rayon bələdiyyə şuraları sədrlərinin, habelə aidiyyəti təşkilatların məsul şəxslərinin iştirakı ilə "Yerli özünüidarəetmənin aktual məsələləri" mövzusunda seminar keçirilib.
Ədliyyə Nazirliyi bələdiyyələrin aktual problemləri ilə bağlı seminar keçirib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə ölkəmizin ali qanunvericilik və icra hakimiyyəti orqanları nümayəndələrinin, şəhər və rayon bələdiyyə şuraları sədrlərinin, habelə aidiyyəti təşkilatların məsul şəxslərinin iştirakı ilə "Yerli özünüidarəetmənin aktual məsələləri" mövzusunda seminar keçirilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların müntəzəm olaraq təkmilləşdirilməsindən bəhs edərək, ölkə Prezidenti İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Bələdiyyələrin Nümunəvi Reqlamentinin onların fəaliyyətinin qanunauyğun təşkilində müstəsna əhəmiyyətini qeyd edib.

Seminarda yerli özünüidarəetmənin digər aktual məsələlərindən də danışılaraq yerli vergi və ödənişlərin toplanması, maliyyə vəsaitlərinin istifadəsi və s. problemlərin həlli istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə artıq əldə olunmuş müsbət nəticələrdən, yeni qəbul edilmiş qanun və dəyişikliklərin bələdiyyələrin işinin təşkilində önəmli rolundan danışaraq mövcud problemlərə də toxunub, yerli özünüidarəetmənin inkişafının əsas istiqamətlərinin həyata keçirilməsində bələdiyyələrin üzərinə düşən vacib məsələləri qeyd edib.

Maliyyə və Vergilər nazirliklərinin nümayəndələri yerli büdcəyə vergilərin hesablanması və ödənilməsi, maliyyə hesabatlarının hazırlanması, bələdiyyələrdə mühasibat uçotunun təşkili, yerli büdcənin formalaşması məsələlərindən danışıb, bu proseslərin müvafiq qanunların tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etməklə bələdiyyələrin inkişafına nail olmağın mümkünlüyünü bildiriblər.

Tədbirdə Auditorlar Palatasının üzvü Altay Cəfərov tərəfindən hazırlanmış "Bələdiyyələrdə mühasibat uçotunun təşkili" adlı kitabın təqdimatı keçirilib. Kitabda bələdiyyələrdə mühasibat uçotunun təşkili ilə bağlı praktiki materiallar öz əksini tapdığı üçün bu vəsaitin hər bir bələdiyyədə müvafiq işlə məşğul olan əməkdaşın stolüstü kitabına çevrilməsi tövsiyə edilib və bütün bələdiyyələrə kitabın bir nüsxəsi təqdim olunub.

2012-ci ilin yekunu ilə əlaqədar fəaliyyətlərində fərqlənmiş bələdiyyə nümayəndələrinə Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının mükafatları təqdim edilib.

Sonda Bələdiyyələrin Nümunəvi Reqlamentinin onların fəaliyyətinin təşkilində mühüm əhəmiyyətini nəzərə alaraq, hər bir bələdiyyə üçün onun daxili fəaliyyət məsələlərini tənzimləyən müvafiq reqlamentin hazırlanması və təsdiq edilməsi qərarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti