...

Səlim Müslümov: 2012-ci ildə sosial sığorta daxilolmalarının 62 faizi qeyri-büdcə təşkilatlarının payına düşüb (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2013 15:41 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
Səlim Müslümov: 2012-ci ildə sosial sığorta daxilolmalarının 62 faizi qeyri-büdcə təşkilatlarının payına düşüb (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Axundov/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Fondun İctimaiyyətlə əlaqə sektorundan Trend-ə daxil olan məlumata görə, iclası giriş sözü ilə açan Fondun sədri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla gercəkləşdirdiyi islahatlar nəticəsində əldə edilmiş makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin etməkdədir. Bu əsasda Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2012-ci ildə də uğurla davam etdirilib. İlkin məlumatlara əsasən, 2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilə nisbətən 355 milyon manat və ya 17 faiz artaraq 2 mlrd. 475 mln. manat təşkil edib. Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2011-ci ilə nisbətən 16 faiz artaraq 1 mlrd. 424 milyon manat olub: "Sosial sığorta daxilolmalarının 62 faizi qeyri-büdcə təşkilatlarının payına düşmüş, il ərzində qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqları üzrə proqnoz 114 faiz yerinə yetirilmiş, bu sektordan 877 mln. manat və ya 2011-ci ilə nisbətən 159 mln. manat, yaxud 22,1 faiz çox vəsait daxil olmuşdur. Bu, Fondun fəaliyyət dövrü ərzində proqnozun icrası üzrə ən yuxarı rəqəmdir. Qeyd olunan artım büdcə təşkilatlarından daxilolmalar üzrə yaranmış 90,7 mln. manat kəsirin aradan qaldırılmasına və 2013-cü il yanvarın 1-nə Fondun xəzinə hesabında 23 mln. manatlıq sərbəst qalığın yaranmasına imkan vermişdir".

Müslümov bildirib ki, qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının belə sürətli artımı Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında işləyənlərin və onlara iş yerlərindən ödənilən maaşların qeydiyyatı sahəsindəki problemlərin həllinə dair verdiyi tapşırığın icrası nəticəsində təmin olunmuşdur. Vergilər Nazirlyi, Dövlət Əmək Müfəttişliyi və Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi birgə tədbirlər nəticəsində il ərzində 300 minə yaxın sığortaolunan əlavə qeydiyyata alınmışdır.

S.Müslümov əlavə edib ki, il ərzində dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni 1044 milyon manat təşkil etmişdir. Fondun gəlirlərinin həcmi xərclərinin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. 2012-ci ildə Fondun xərcləri 2 mlrd 457 milyon manat olmuşdur. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2012-ci il ərzində 2404 mln. manat və ya 2011-ci ilə nisbətən 338 mln. manat çox vəsait sərf olunmuş, ödəmələr hər ay içərisində tamamlanmışdır.

DSMF sədri nəzərə çatdırıb ki, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2011-ci il üzrə 7,9 faizlik inflyasiya səviyyəsində artım tətbiq edilmiş və bu artımın əvvəlki illərdən fərqi daha böyük kontingenti əhatə etməsi olmuşdur. Belə ki, 2011-ci ildə həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər 85 manat pensiya almış 482 min nəfərin pensiyasının sığorta hissəsi formalaşdırılmış və onların da əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilmişdir. Nəticədə bütün əmək pensiyaçılarının pensiyasının sığorta hissəsi artırılmışdır. Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 7 manat artaraq 152 manata, yaşa görə pensiyalar üzrə isə 168 manata çatmışdır. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 42,5 faizə qalxmışdır.

S.Müslümov qeyd edib ki, 2012-ci ildə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə interaktiv və informativ elektron xidmətlərin göstərilməsi işi daha da təkmilləşdirilmişdir. Dövlət xəzinədarlıq agentliyinin "Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"ndən (KÖMİS) istifadə edən yerli orqanlar üzrə sığortaedənlərin ödənişlərinin real vaxt rejimində qəbulu məqsədilə Mərkəzi Bank və Dövlət Sosial Müdafiə Fondu arasında "AzDataKom"şəbəkəsi üzərində rabitə kanalı qurulmuş və Fondun müvafiq yerli orqanları üzrə uçot məlumat bazası KÖMİS-ə inteqrasiya edilmişdir. 01 yanvar 2013-cü il tarixinə Fondun 36 yerli orqanı üzrə 223 712 sığortaedənin uçot məlumatı KÖMİS-in məlumat bazasına yüklənmişdir. Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarıüzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılmışdır. Hər bir işləyən şəxsin gələcək pensiya təminatı üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsində maraqlı olması, beləliklə, inzibati nəzarətin daha səmərəli ictimai nəzarətlə əvəzlənməsi məqsədilə Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti təşkil olunmuşdur.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2012-ci ildəki fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda icrası 2013-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti