...

Ağstafa şəhərində tarixi və müasir abidələr parkının inşasına başlanılıb

Cəmiyyət Materials 13 Fevral 2013 01:03 (UTC +04:00)
"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının ölkənin bütün bölgələri kimi, Ağstafanın inkişafında əsaslı dönüş yaradıb".
Ağstafa şəhərində tarixi və müasir abidələr parkının inşasına başlanılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının ölkənin bütün bölgələri kimi, Ağstafanın inkişafında əsaslı dönüş yaradıb". Trend-in məlumatına görə, bunu Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı söyləyib.

Quliyev deyib ki, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyevin imzaladığı sərəncam Ağstafa şəhərində aparılan abadlıq-quruculuq işlərini daha da genişləndirib.

"Şəhərin Heydər Əliyev prospekti də daxil olmaqla dörd küçə əsaslı şəkildə yenidən qurulmuş, küçə və meydanlarda müasir işıqlandırma sistemi quraşdırılmış, 63 min kvadratmetr asfalt örtüyü döşənmiş, 25 min kvadratmetrdən çox səki daşları düzülmüş, park və küçələrə 21 min kvadratmetr mərmər və üzlük plitə döşənmişdir. 462 fərdi və 24 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 89 mənzilli iki yaşayış binası tikilərək istifadəyə verilmişdir", - deyə Quliyev bildirib.

O, əlavə edib ki, hazırda Ağstafa şəhərində içməli su və kanalizasiya sistemi yenidən qurulur: "Ağstafa şəhərində qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün 129 mənzildən ibarət yeni yaşayış kompleksi inşa olunur. Ümumi uzunluğu 7,5 kilometr olan, 5 yaşayış məntəqəsini birləşdirən Poylu-Xətai-Aşağı Göyçəli avtomobil yolunun inşası yüksək keyfiyyətlə başa çatdırılmış, rayon mərkəzini Gürcüstan dövlət sərhədi ilə birləşdirən, 14 yaşayış məntəqəsi və 20 min əhalinin istifadə etdiyi uzunluğu 54 kilometr olan strateji əhəmiyyətli Ağstafa-Poylu-Böyük Kəsik avtomobil yolunun tikintisi davam edir.

Hazırda Ağstafa şəhərində tarixi və müasir abidələr parkının - Azərbaycan parkının inşasına başlanılmışdır. Azərbaycanın keçmişini və bu gününü özündə əks etdirən bu park Azərbaycanın tarixini və milli memarlıq ənənələrini daha yaxından tanıtmağa imkan verəcək".

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin rayonda aqrar sahədə mühüm nailiyyətlərin əldə olunmasına imkan verdiyini vurğulayan Məhərrəm Quliyev deyib ki, rayonda yeni müəssisələrin fəaliyyətə başlaması əlavə 300-ə yaxın iş yerinin açılmasına şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti