...

Azərbaycan yol polisi avtoxuliqanlığın cinayət məsuliyyəti hesab edilməsini vacib sayır

Cəmiyyət Materials 15 Fevral 2013 14:53 (UTC +04:00)
Azərbaycan yol polisi hesab edir ki, avtoxuliqanlığa qarşı mübarizənin effektivliyini artırmaq üçün cəzalar sərtləşdirilməlidir.
Azərbaycan yol polisi avtoxuliqanlığın cinayət məsuliyyəti hesab edilməsini vacib sayır

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan yol polisi hesab edir ki, avtoxuliqanlığa qarşı mübarizənin effektivliyini artırmaq üçün cəzalar sərtləşdirilməlidir.

"Avtoxuliqanlıq edənlər yollarda nəqliyyat vasitələri ilə yanaşı, kənarda dayanan piyadalara, digər yol hərəkəti iştirakçılarına xəsarət yetirir, maddi zərər verirlər. Avtoxuliqanlıqla bağlı maarifləndirmə işləri aparılır, cəzalarla bağlı məlumat verilir, amma bu da təsir göstərmirsə, sözsüz ki, burada ancaq məsuliyyətin sərtləşdirilməsindən danışmaq olar", - bunu cümə günü Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, inzibati məsuliyyət avtoxuliqanlarla mübarizədə effektli nəticə vermir.

"Düşünürük ki, məsuliyyyətin gücləndirilməsi, sərtləşdirilməsi bu növdə olan ciddi qayda pozuntularının və xuliqanlıq hərəkətlərinin qarşısının alınmasında müsbət rol oynayacaq", - şöbə rəisi bildirib.

Şöbə rəisi bir sıra millət vəkillərinin avtoxuliqanların azadlıqdan məhrum edilməsinə dair ölkə qanunvericiliyinə dəyişiklik edilməsi zəruriliyi haqqında təkliflərini dəstəkləyərək, avtoxuliqanlığa görə cinayət məsuliyyətinin müəyyən edilməsinin tərəfdarı olduğunu bildirib.

"Sözsüz ki, getdikcə Azərbaycanda avtoxuliqanlıqla bağlı inzibati məsuliyyətdə də sərtləşmələr oldu. Sonuncu dəfə ötən il dekabrın 1-də 296-1-ci (Xırda xuliqanlıq) maddəyə müəyyən dəyişikliklər edildi. Düşünürəm ki, qanunvericilikdə bu məsuliyyət bir qədər də sərtləşsə və cinayət məsuliyyəti müəyyən edilsə, əlbəttə, avtoxuliqanlığa yol verən insanların sayı hədsiz dərəcədə azalar. Hər halda cinayət məsuliyyəti inzibati məsuliyyət deyil. İnzibati məsuliyyət olanda fikirləşirlər ki, cərimədir. Hansısa yolla ödəyib canımızı qurtara bilərik, amma cinayət məsuliyyəti belədir ki, insanın azadlıqdan məhrum olunma məsələsi olduğuna görə məhz bu məsuliyyət bir çox gəncləri etdikləri hərəkətlərdən çəkindirər", - Əliyev bildirib.

Şöbə rəisi bildirib ki, ötən il 503 avtoxuliqan aşkar edilib və onların hamısı inzibati məsuliyyətə cəlb olunub.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ötən il avtoxuliqanların sayı azalsa da, ümumilikdə belə halların çoxluğu narahatlıq doğurur.

Əliyevin sözlərinə görə, yol polisi avtoxuliqanlıq hərəkətlərinə qarşı məsuliyyətin sərtləşdirilməsinin həmişə tərəfdarı olub.

"Bu, bilərək törədilən xuliqanlıq hərəkətləridir. Belə hərəkətlər ümumilikdə cəmiyyətə hörmətsizlik əlaməti olmaqla yanaşı, adamların, ətrafdakı hərəkət iştirakçılarının həyatlarına real təhlükədir. Bu səbəbdən də belə hərəkətlərə yol verən şəxslərin məsuliyyətinin gücləndirilməsi şübhəsiz ki, bu növdən olan xətaların qarşısının alınmasına öz müsbət təsirini göstərir", - şöbə rəisi bildirib.

O bildirib ki, vaxtilə SSRİ dövründə sərxoşluqla bağlı daha ciddi cəza görülürdü deyə, sərxoş sürücülərin sayı çox olmurdu.

"Məsələn, nəqliyyat vasitəsinin il ərzində ikinci dəfə sərxoş halda idarə olunmasına görə hətta avtomobil də müsadirə olunurdu. Buna görə də insanların çoxu o məsuliyyətin daha çox olması səbəbindən çəkindikləri üçün belə hərəkətlərə yol vermirdilər", - deyə Əliyev avtoxuliqanlıqla bağlı cəzaların sərtləşdirilməsinin labüdlüyünü vurğulayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 296-1.1.-ci maddəsinə görə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə, nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

296-1.2.-ci maddəyə görə isə eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti