...

Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək

Cəmiyyət Materials 15 Fevral 2013 17:37 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən ilasında bununla bağlı "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun qəbul olunub.
Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən ilasında bununla bağlı "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun qəbul olunub.

Qanunu təqdim edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dispanserizasiya uşaqların qanuni himayədarlarının icazəsi ilə baş tutacaq.

Qanunda o da qeyd olunur ki, hər uşağın dispanzeriyasiyası üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Yeni qanunda nəzərdə tutulub ki, valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dispanzerizasiyası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək.

Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanzerizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçiriləcək.

Deputat Fazil Mustafa qeyd edib ki, qanunda bu fəaliyyətin dövlət vəsaiti hesabına həyata keçirildiyi qeyd olunmalıdır.

Millət vəkili Elmira Axundova isə çıxışında bildirib ki, uşaqların sağlam doğulmasının təmin olunması üçün nikah zamanı tibbi
arayışın tələb olunması şərtdir.

Deputat Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda əhalinin ildə bir dəfə profilaktik müayinədən keçməsinin vacibliyini ölkə başçısı da vurğulayıb. "Bu prosesə uşaqlardan başlamaq olar", - Əmiraslanov deyib.

Onun sözlərinə görə, qanun qəbul olunduqdan sonra dispanserizasiya strukturu qurulmalıdır, sistemləşdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti