...

TQDK I siniflərin iki dərsliyinin yenidən hazırlanmasını tövsiyə edib

Cəmiyyət Materials 18 Fevral 2013 14:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 1-ci siniflər üçün "Azərbaycan dili" (müəlliflər: Rafiq İsmayılov, Solmaz Abdullayeva, Gülşən Orucovа, Dilrüba Cəfərova - Bakı: Altun Kitab, 2012) və "Riyaziyyat" dərsliklərinin (Nayma Qəhrəmanova, Cəmilə Əsgərova, Leyla Qurbanova) orta məktəblərdə I siniflər üçün iştifadə edilməsini məqsədəuyğun saymayıb və yenidən hazırlanmasını vacib hesab edib.
TQDK I siniflərin iki dərsliyinin yenidən hazırlanmasını tövsiyə edib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 1-ci siniflər üçün "Azərbaycan dili" (müəlliflər: Rafiq İsmayılov, Solmaz Abdullayeva, Gülşən Orucovа, Dilrüba Cəfərova - Bakı: Altun Kitab, 2012) və "Riyaziyyat" dərsliklərinin (Nayma Qəhrəmanova, Cəmilə Əsgərova, Leyla Qurbanova) orta məktəblərdə I siniflər üçün iştifadə edilməsini məqsədəuyğun saymayıb və yenidən hazırlanmasını vacib hesab edib.

Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, dərsliyin monitorinqini aparan ekspert komissiyasının rəyinə görə, bu dərslikdə, xüsusilə əlifba təlimi dövründə ümumiləşdirici dərslər verilməyib. Bir neçə sait öyrəniləndən sonra belə dərslərin verilməsi yoxlama, qiymətləndirmənin aparılması, yaddasaxlama ilə əlaqədar əlverişli şərait yaradır. Əlifba təlimi başa çatdıqdan sonrakı 53 mətndən 27-si insanlara, 19-u heyvanlara, quşlara, cücülərə, 7-si isə ayrı-ayrı hadisələrə həsr olunub. Vətənimizin təbiəti, təbii sərvətlərimiz, cəmiyyət, insanların əməyi, tarixi günlər, uşaqların əyləncələri və istirahəti haqqında çox az material verilib.

Dərslikdə bir çox məqamlarda 1-ci sinif şagirdlərinin yaş səviyyəsinə görə çətin sözlər təqdim olunub: liman, təlaş, karate, dolab, modelyer, problem, Avstraliya, Sidney, final, burunduq, nikbinlik, nan, ənənə, təməl, artım, ləl, barı, mamır, örnək, tarım, lövbər, münasib, bağrı, qışlaq, calaq, cəhrə, jest, nalə, rejim, obraz və s.

"Yazı taxtası" əvəzinə "lövhə" sözü işlənib (səh.138). "Lövhə" tamamilə başqa məna daşıyır. Sual cümləsi (səh. 88, 112, 117, 128, 154, 157, 159), nida cümləsi (səh. 114, 148, 156, 159), əlamət bildirən sözlər (səh. 66, 110, 120, 129), eynimənalı sözlər (15 yerdə), həmçinin sait və samit, tək və cəm sözlər heç bir izahat olmadan təqdim olunub.

Bəzi mətnlər həcmcə böyük olduğundan, yaxud süni şəkildə hissələrə ayrıldığından hər hissə bir dərs üçün təqdim olunub: "Ad günü" (səh. 124-125), "Ağac - hər dərdə əlac" (səh. 128-131), "Pis rəsm" (səh. 138, 139), "Dostluq köməyi" (səh. 142-145), "Əvəzini çıxdı" (səh. 148, 149), "Kələm yarpağı" (səh. 150, 151), "Nuru" (səh. 154, 155), "Ayoqa" (səh. 156, 157). Bədii əsər müəllim tərəfindən bütöv oxunmalı, əsərin ideya məzmunu, mahiyyəti şagirdlərə tam çatdırılmalı, ifadəlilik, şüurluluq təmin edilməli, hadisə haqqında onlarda təsəvvür yaradılmalı, sonra şagirdlər tərəfindən hissə-hissə oxunmalı və təhlil olunmalıdır.

Bəzi mətnlərin başlıqları sual cümləsi şəklində verildiyi halda, sual işarəsi qoyulmayıb (səh. 29, 99, 115, 119, 135, 136 və s.).

Mətnlərdə feli bağlamalardan sonra vergül unudulub (səh. 43, 45, 48, 49, 93, 96, 113, 116, 117, 122, 128, 134, 136, 137, 138, 146, 158).

Standartlarda 1-ci sinfin sonunda şagirdin zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirməsi tələb kimi qoyulub. Dərslikdə bu qədər yanlış ifadə, durğu işarəsi ola-ola şagird nəyi yaxşı bildiyini nümayiş etdirəcək?

Standart 4.1.1-də şagirdin səs və hərfi fərqləndirməsi tələbi qoyulur. Dərslikdə olan bəzi tapşırıqların şərtində bu tələb pozulub (səh. 38, 50 və s.). Dərsliyin 144-cü səhifəsində oxuyuruq: "Mən isə "q" hərfinin yerinə "d" deyirdim." Cümlədən aydın görünür ki, müəlliflər səslə hərfi fərqləndirməmiş, mətndəki səhvi düzəltməmişlər. Belə misallar çoxdur. Bu halda şagird onları necə fərqləndirə biləcək?

Standart 4.1.3-də "Böyük və kiçik hərfləri fərqləndirir" tələbi qoyulub. Yazı hissəsində yeri gəldi-gəlmədi, bəzi sözlər böyük hərflə verilib (səh. 23, 25, 27). Şagird nəyin nə vaxt böyük, nə vaxt kiçik hərflə yazıldığını müəyyənləşdirə biləcəkmi?

Burada bir ciddi məqamı da qeyd etmək lazımdır. 1-ci sinif şagirdinə öyrədilir ki, xüsusi ad bildirən, eləcə də cümlənin əvvəlində gələn sözün baş hərfi böyük yazılır. İlk dövrlərdə bu qaydaya ciddi riayət olunmalıdır ki, şagirdlərin təfəkküründə çaşqınlıq və ziddiyyət yaranmasın. Amma dərslikdə bütün başlıqların yazılışında, eləcə də bəzi çalışmaların mətnində sözlər böyük hərflə yazılıb (səh. 30, 38, 40 və s.). Bu, ciddi pedaqoji qüsurdur.

Dərslik məzmun baxımından qüsurludur: əlifbanın öyrədilməsi, oxu və yazı texnikası üzrə ilkin bacarıqların mənimsənilməsi, şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların öyrədilməsi, tətbiq olunması, dövlət rəmzləri, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında şagirdlərdə ilkin anlayışların yaradılması və təbliği baxımından dərslikdə bir sıra ciddi qüsurlara yol verilib. Dərslikdə azərbaycançılıq, türkçülük və milli-mənəvi dəyərlər epizodik verilib, çox hallarda isə "unudulub".

Fənlərarası inteqrasiyaya bir çox məqamlarda əməl edilməyib, keçilməyən hərflərdən və ədədlərdən istifadə olunub. Hərf və səs anlayışları bəzi çalışmalarda qarışıq salınıb. Mətnlərin düzülüşündə sadədən mürəkkəbə doğru təqdimat prinsipi pozulub. Əxlaqi, etik məsələlərin əks olunmasında da çoxsaylı qüsurlar var. Demək olar ki, bütün mətnlərdə sonda birincilər ya polisdən, ya nənədən, ya babadan, ya müəllimdən, ya da hansısa heyvandan qorxur, utanır, qızarır və pərt olurlar (səh.53, 59, 61, 90, 146, 149, 155-dəki mətnlər). Əksinə, indiki uşaqlarımız daha hazırcavab, çevik və məntiqlidirlər, yaxud biz onların buna nail olması üçün çalışmalıyıq. Dərsliyə elə mətnlər salınmalıdır ki, onların bu keyfiyyətləri daha qabarıq görünə bilsin. Dərslikdə dil və üslub cəhətdən bir sıra nöqsanlar var: mətnlərin dili və üslubu şagirdlərin yaş səviyyəsinə uyğun deyil, mütənasiblik gözlənilməyib: ya daha azyaşlı uşaqlar üçün, ya da yuxarı yaşlı uşaqlar üçün mətnlər seçilib. Cümlələrin quruluşu bir çox hallarda Azərbaycan dilinin praktiki işlənməsinə və quruluş xüsusiyyətlərinə uyğun gəlmir. Şifahi xalq yaradıcılığımızdan həddən artıq az istifadə olunub. Vətənpərvərlik haqqında şəkil və mətnlər, demək olar ki, yoxdur. Dərsliyin bədii tərtibatı, dizaynı şagirdlərin yaş psixologiyası baxımından kifayət qədər qüsurludur: vətənpərvərlik mövzusunda şəkil və mətnlər, demək olar ki, yoxdur. Mətnlərə uyğun gəlməyən, aydın seçilməyən şəkillərdən geniş istifadə olunub. Əksər hallarda şəkillər karikaturaya bənzəyir. Dərslikdə verilmiş tapşırıqların şərti bir sıra hallarda düzgün deyil, tam qavranmır. Rəydə göstərilən çoxlu sayda iradlardan yalnız 18-i müəlliflər tərəfindən qəbul edilib.

Orta məktəblərin "Riyaziyyat" dərsliyinin (Nayma Qəhrəmanova, Cəmilə Əsgərova, Leyla Qurbanova) forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanunun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir. Dərslikdə çoxlu sayda struktur xətaları var. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var. Dərsliyin tərtibatı nöqsanlıdır.

"Müəllim üçün metodik vəsait" qüsurludur. Rəydə göstərilən çoxlu sayda iradlardan yalnız 25-i müəlliflər tərəfindən qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti