...

Magistraturaya sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

Cəmiyyət Materials 18 Fevral 2013 17:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 17-də magistraturaya hazırlaşan gənclər üçün magistratura imtahanının birinci mərhələsi üzrə ilk dəfə keçirdiyi sınaq imtahanının nəticələrini yaxın günlərdə elan edəcək.
Magistraturaya sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 17-də magistraturaya hazırlaşan gənclər üçün magistratura imtahanının birinci mərhələsi üzrə ilk dəfə keçirdiyi sınaq imtahanının nəticələrini yaxın günlərdə elan edəcək.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, magistratura imtahanının birinci mərhələsi üzrə (məntiqi təfəkkür, informatika və xarici dil) sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilib. İmtahanda iştirak etmək üçün 7398 nəfər qeydiyyatdan (Bakıda 6429, Naxçıvanda 206, Gəncədə 654, Lənkəranda 109) keçib.

İmtahanın keçirilməsi üçün 10 imtahan mərkəzi (Bakıda 6, Naxçıvanda 1, Gəncədə 2, Lənkəranda 1) ayrılıb. İmtahanın idarə olunması üçün 24 imtahan rəhbəri (Bakı şəhərində 18, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 4, Lənkəran şəhərində 1), 238 nəfər nəzarətçi-müəllim (Bakı şəhərində 184, Naxçıvan şəhərində 11, Gəncə şəhərində 38, Lənkəran şəhərində 5) cəlb edilib.

Hazırda sınaq imtahanında iştirak etmiş bakalavrların cavab kartlarının emalı prosesi aparılır. Nəticələrin yaxın günlərdə Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti